27 Noyabr, 2014
12 kv-lıq otaqda yaşayan əlil ailəsinin çarəsizliyi - FOTO

Gözdən, qulaqdan əlil, bir qolu olmayan, ailəsiylə 12 kvadratmetrlik otaqda yaşayan Kərəm Məcidovun sosial vəziyyəti ilə bağlı Simsar.az məlumat vermişdik.

Ümid edirdik ki, aidiyyatı qurumlar Kərəm Məcidovun ailəsinin durumundan məlumatlanaraq, müvafiq tədbirlər görüləcək. Lakin bu ailənin vəziyyəti getdikcə pisləşməyə doğru gedir.

Simsar.az-a açıqlama verən K. Məcidov deyir ki, hələ də aidiyyatı qurumlardan qapılarını açan yoxdur: “Müraciət etdiyimiz heç bir dövlət orqanı səsimizi eşitmək istəmir: Sizin reportajınızdan sonra televiziyadan da gəlib çəkdilər. Amma heç bir xeyri yoxdur. İcra hakimiyyəti gözləməyimizi məsləhət görür. Nazirlik isə cavab belə vermir. Nə qədər gözləmək olar? Bu gün-sabah ailəmizdə yeni uşaq dünyaya gəlir. Mən onu harda saxlayacağam?”.

Xatırladaq ki, Kərəm Əyyam oğlu Məcidov gözdən birinci qrup əlildir. Bir gözü süni, digəri isə demək olar ki, görmür. Qulağı yalnız xüsusi cihaz vasitəsilə eşidir ki, o da çox çətinliklə. Bir qolu isə dirsəkdən aşağı yoxdur. Kərəm 16 ildir Dövlət İdarəçilik Akademiyasının yataqxanasında 12 kvadratmetrlik bir otaqda yaşayır. 2008-ci ildə ailə qurub və indi həmin o pəncərəsiz, dar, rütubətli otaqda 2 qızı, bir oğlu və hamilə həyat yoldaşı ilə yaşayır, daha doğrusu yaşamağa çalışır.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!