26 Noyabr, 2014
Müsavatın narazı üzvləri yeni qurumun nizamnaməsini hazırlayır

Müsavat Partiyasının qurultayından narazı qalan üzvlər yeni yaradacaqları qurumun nizamnaməsini hazırlayırlar. Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.

S.Əlisoy yeni yaranacaq qurumun partiya və ya ictimai birlik olması barədə danışmağın hələ tez olduğunu bildirib. O qeyd edib ki, qurumun hansı formada olacağı yaxın günlərdə bilinəcək.

Başqanlığa keçmiş namizəd mübarizədən geri çəkilməyəcəklərini bəyan edib. O bildirib ki, son qurultay zamanı baş verən saxtakarlıqlar aradan qaldırılmayana və ədalət bərpa olunmayana qədər mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.

Müsavat Partiyası Divanı isə bir müddət öncə S.Əlisoyu partiya sıralarından xaric edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!