25 Noyabr, 2014
“AST Telman” “Disneylend” işinə girir

Azərbaycan əsilli yəhidi oliqarx, “AST Telman” kimi tanınan Telman İsmayılov üzləşdiyi borc böhranından çıxmaq üçün daha bir aktivini satmalı olub.

Virtualaz.org saytı xəbər verir ki, “AST Telman” Antalyanın ən prestijli kurort rayonlarının birində vaxtilə qolf meydançası üçün aldığı torpaq sahəsinin yarısını satıb.

Türkiyənin “Crystal” otellər şəbəkəsinin törəmə müəssisəsi olan “Galeri Crystal” şirkətinin vitse-prezidenti Tuncay Kilit deyib ki, “Mardan Palace” otelinin sahibi Kundu rayonunda yerləşən və qolf sahəsi üçün nəzərdə tutulan 100 hektarlıq torpaq sahəsinin yarısını onlara satıb.

Türk biznesmen T.İsmayılovla sövdələşmənin neçəyə başa gəldiyini açıqlamayıb, ancaq bildirib ki, azərbaycanlı milyarder torpaq sahəsini satarkən imzalanan sövdələşmənin şərtlərinə görə, o, özü də həmin ərazidə həyata keçiriləcək investisiya layihəsinə ortaq olacaq.

“Galeri Crystal” T.İsmayılovdan aldığı torpaq sahəsində böyük uşaq-əyləncə parkı - “Disneylend” yaratmağı planlaşdırır. T.İsmayılov da gələcək investorlardan biri kimi bu layihənin həyata keçirilməsində iştirak edəcək.

“Hazırda biz məşhur Amerika firması, əyləncə sənayesində aparıcı şirkətlərdən olan “Forrec”lə müqavilə bağlamışıq. Bu, doğrudan da eksklüziv və təntənəli layihə olacaq. İlkin olaraq investisiyaların həcmini 400 milyon dollar qiymətləndiririk. “Disneylend”ın nümayəndələri ilə danışıqlar aparırıq. Əgər razılaşma əldə olunsa, tezliklə Antalyanın özünün “Disneylend”ı olacaq” - deyə iş adamı Tuncay Kilit bildirib.

Qeyd edək ki, bu günlərdə T.İsmayılovun Moskvanın Nikita bulvarında yerləşən və tikilməkdə olan otelini kredit borcunu qaytara bilmədiyi üçün Azərbaycan Beynəlxalq Bankının mülkiyyətinə keçirdiyi məlum olmuşdu. Həmçinin bir vaxtlar Hollivud ulduzlarına milyonlarla dollar qonorar verib ad günü ziyafətlərinə çağıran, rusiyalı və azərbaycanlı şou-biznes əhlinin başından pul səpən T.İsmayılovun çoxsaylı şirkətlərə, banklara və fiziki şəxslərə borcları yaranıb. Onun borclarının həcminin 1 milyard dolları keçdiyi deyilir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!