25 Noyabr, 2014
Türkiyədən azərbaycanlı girovlarla bağlı dünya birliyinə müraciət

Türkiyədəki azərbaycanlı diaspor təşkilatları bəyanat yayaraq Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin “məhkəmə” prosesinə etiraz ediblər. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda Dilqəm Əhmədov və Şahbaz Quliyev guya sərhədləri pozmaqda ittiham edilərək heç bir hüquqi əsası olmayan uydurma məhkəmə prosesində mühakimə olunurlar.

Türkiyədəki Azərbaycan təşkilatları bildirirlər ki, bu torpaqlarda doğulmuş, böyümüş Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənov Ermənistanın işğal siyasəti nəticəsində öz yurdundan zorla çıxarılmış Azərbaycan vətəndaşlarıdır: “Kəlbəcər ərazisində onların dədə-babaları uyuyur. Öz doğma torpaqlarına yaxınlarının məzarlarını ziyarət etməyə, bir vaxtlar yaşadıqları kəndi görmək ümidi ilə gediblər. Onların heç bir gizli planı və təxribatçı niyyəti olmayıb. Onlar doğulduqları torpaqların həsrəti ilə Ermənistanın işğalı altında saxladığı ərazilərə keçərkən girov götürülüb”.

Bəyanatda eyni zamanda Ermənistan tərəfinin girovlarla qəddarcasına rəftarı vurğulanır. Qeyd olunur ki, azərbaycanlı Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib: “Digər girovlar da mənəvi, fiziki işgəncələrə məruz qalır”.

Diaspor təşkilatları bu bəyanatla dünya ictimaiyyətini baş verənlərə biganə qalmamağa çağırır: “Dünya Ermənistanın bu işğalçı siyasətinə “dur” deməli  və azərbaycanlı girovların tezliklə azad edilməsi üçün lazımlı addımları atmalıdır".

Bəyanat Türkiyədə fəaliyyət göstərən TADEF – Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Kocaeli Azərbaycan Evi Dərnəyi, Dərincə Azərbaycan Evi Dərnəyi, Gəbzə Azərbaycanlılar Dərnəyi, Əskişəhər Azərbaycanlılar Dərnəyi, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi daxil olmaqla 15 təşkilatın adından yayılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!