Bakıda "Konüllük fəaliyyəti – cəmiyyətin sosial həyatında gənclərin iştirakı forması kimi” (Добровольчество – как форма участия молодёжи в социальной жизни общества) adlı beynəlxalq konfrans keçirilir.
Simsar.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və UNİCEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Konfransın keçirilməsində məqsəd – könüllülük hərəkatının inkişaf etdirilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlagələrinin genişləndirilməsidir.
Konfrans çərçivəsində Bakı şəhərində “Sosial sahələrdə gənclərin könüllülük fəaliyyətinin inkişaf etdirilməsi”; “Humanizm dəyərlərinin və vətəndaşlıq tərbiyəsinin təbliği”; “Könüllülük fəaliyyətinin inkişaf etdirilməsi vasitəsilə gələcəyin liderlərinin yetişdirilməsi” və sair mövzularda sessiyaların keçirilməsi planlaşdırılıb. Gəncə şəhərində Azərbaycanın 21 şəhər və rayonunu təmsil edən gənclərin iştirakı ilə “Gənclər və könüllülük: gənclərin sosial həyatda və öz həyatlarına təsir edən qərarların qəbulunda iştirakı” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, beynəlxalq konfrans “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 6.8.7 yarımbəndinə (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi), MDB üzv dövlətlərinin 2014-2015-ci illərdə “Gənclərin beynəlxalq əməkdaşlığına dair strategiyası”nın IX fəslinə (Gənclərlə iş sahəsi) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və UNİCEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyi arasında 2014-2015-ci illərə dair imzaladığı birgə dövrü fəaliyyət planının 2.2 yarımbəndinə əsasən keçirilir.
Hüseyn İbadlı