19 Noyabr, 2014
Azərbaycan qazı Avropanın diqqət mərkəzində

Avropanın qaz təchizatının şaxələndirilməsində diqqət mərkəzində olan əsas ölkə Azərbaycandır.

Bunu Almaniyanın vitse-kansleri, iqtisadiyyat və ticarət naziri Ziqma Qabriel Serbiyanın Baş naziri Aleksandar Vuçiçlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Avropa İttifaqı hazırda regionu enerji ilə təmin edəcək alternativ mənbələr axtarışındadır. Bu baxımdan, əsas qaz təminatçısı kimi bütün diqqətlər Azərbaycana yönəlib.

Z.Qabriel diqqətə çatdırıb ki, Avropa Komissiyası bölgənin qaza olan ehtiyacının ödənilməsi üçün müxtəlif ölkələrlə sövdələşmələrin həyata keçirilməsi, enerji layihələrinin reallaşması istiqamətində mövcud olan bütün əngəllərin aradan qaldırılması niyyətindədir. O deyib: “Artıq uzun müddətdir ki, Azərbaycan təbii qazının “Cənub” qaz dəhlizi layihəsi vasitəsilə Avropa bazarına çıxarılması məsələsi gündəmdədir. Regionun enerji ilə təmin olunmasında məhz bu layihənin seçilməsi mövcud geosiyasi durumda olduqca vacib bir qərardır. Zəngin enerji ehtiyatlarına malik Azərbaycan “Şahdəniz” yatağı vasitəsilə Avropa enerji bazarına daxil olacaq. Qaza olan tələbatın getdikcə artdığı bir dövrdə qlobal enerji bazarında zəngin qaz ehtiyatlarına malik ölkələrə maraq da artır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!