17 Noyabr, 2014
Əlsiz, Gözsüz, Qulaqsız, evsiz 3 uşaq atası - AİLƏ FACİƏSİ

Bir ailə baçısının gözləri görmür, qulaqları eşitmir və bir qolu da yoxdur. Və həmin ailə baçısı 3 uşağı və hamilə həyat yoldaşı ilə yataqxanada 12 kvadratmetrlik otaqda yaşayır.

Kərəm Əyyam oğlu Məcidov gözdən birinci qrup əlildir. Bir gözü süni, digəri isə demək olar ki, görmür. Qulağı yalnız xüsusi cihaz vasitəsilə eşidir ki, o da çox çətinliklə. Bir qolu isə dirsəkdən aşağı yoxdur. Kərəm 16 ildir Dövlət İdarəçilik Akademiyasının yataqxanasında 12 kvadratmetrlik bir otaqda yaşayır. 2008-ci ildə ailə qurub və indi həmin o pəncərəsiz, dar, rütubətli otaqda 2 qızı, bir oğlu və hamilə həyat yoldaşı ilə yaşayır, daha doğrusu yaşamağa çalışır.

“Heç olmasa bu uşaqlara rəhmləri gəlsin”

Kərəm deyir ki, 2008-ci ildən Bakının Xətai rayonunda qeydiyyatdadır. Müraciət etmədiyim dövlət idarəsi, nazirlik qalmayıb: “2012-ci ildə Xətai Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuşam. Mənə dedilər ki, Əgər 5 il Bakı qeydiyyatında olmusansa və eyni zamanda ailən, uşaqların varsa növbəyə durub gözdən birinci qrup əlil kimi Bakı şəhərindən ev ala bilərsən. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində isə dedilər ki, yeni qanunvericiliyə görə icra hakimiyyəti sizi ev növbəsinə götürməlidir. Bundan sonra sizə ev verilə bilər. Qısası 7 ildi gözləyirəm, hələ də bir xəbər yoxdur”.

Üç uşaq atası övladlarını bu şəraitdə yaşatdığı üçün onlardan utandığını da deyir: “Şəraitimiz bərbaddır. 12 kvadratmetrlik bir otaqda yaşayırıq. Onun da yarısı əşyalardı. Uşaqların yatmağa yeri yoxdu. Böyük oğlumla qızım baş-ayaq yatırlar. Biz də yerdə yatırıq. Yanvarda 4-cü uşağımız dünyaya gələcək. Mən onu hara yerləşdirəcəyimi  bilmirəm. Mən cəhənnəm, heç olmasa bu uşaqlara rəhmləri gəlsin. Uşaqların üzlərinə baxa bilmirəm, xəcalət çəkirəm”.

Həyat yoldaşının vərəm xəstəliyindən əziyyət çəkdiyini deyən Kərəm, onun da belə bir şəraitdə yaşamasının təhlükəli olduğunu deyir: “Bir il əvvəl yoldaşım vərəm əlehinə 1 saylı Dispanserdə yatıb. Orda baş həkim mənə dedi ki, sənin yoldaşının ağ ciyərindən su çəkilib. Yaşadığınız şərait onun üçün təhlükəlidir. Yayda da ona görə kondisionerdən istifadə edə bilmirik. Yayı bu uşaqlar yana-yana tər-su içində yatırlar. Yağış yağanda da uşaqların başına su axır. Dövlət, onun qanunları vətəndaşa xidmət etməlidir. Ancaq sadəcə söz verirlər. 40 yaşım var, mənim üçün hər şey bitib, heç olmasa bu uşaqlar normal yaşaya bilsinlər”.

“Yeməyi növbə ilə yeyirik”

Kərəmin həyat yoldaşı isə deyir ki, əgər onlara ev verilməsə uşaqlarını məktəbə göndərə bilməyəcəklər. Çünki otaqda dərs hazırlamaq üçün yer və şərait yoxdur: “Sabah bu uşaq məktəbə gedəndə harda oxuyacaq, harda hazırlaşacaq? İki uşağım ağır xəstəlik keçirib. Evimiz çox nəmişlikdir. Nəfəs almaq olmur. Uşaqlar boğulurlar. Birlikdə oturub yemek yeyə bilmirik, növbə ilə yeyirik. Uşaq evdə otura bilmir, qaçır çölə. Bir dəfə qadağa qoydum, uşaq dedi ki, harda oynayım? Uşağa cavab verə bilmirəm. Yoldaşımın 260 manat pensiyası ilə dolanırıq. Mən hər gecə hamilə vəziyyətdə bu yatağı çarpayıdan yerə salıram, səhərlər də yığıram. Mən də bezmişəm, uşaqlar da...”.

Müəllifdən: Kərəmlə söhbət etdikcə qarşımda həyatdan bezmiş, ümidini itirmiş, intihara hazır bir insan obrazı gördüm. Düzdür, onun “İntihar körpüsü”nə çıxmaq üçün fiziki imkanı yoxdur. Qısası, gəlin bu ailəni xilas edək!

Vüsal Qarayev






Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!