15 Noyabr, 2014
“Azərbaycan modeli Avropada tolerantlığa yeni nəfəs verir”

Simsar.az xəbr verir ki, ötən gün 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Parisdə UNESCO-nun mənzil qərargahında xarici ekspertlərin, ictimaiyyət və beynəlxalq QHT nümayəndələrinin, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin iştirakı ilə “Dinlərarası qarşılıqlı anlaşma: birgəyaşayışın modellləri” adlı beynəlxalq konfrans keçirilib.

Konfransı təbrik nitqi ilə Azərbaycan Respublikasının UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov və Türkiyənin UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri səfir Hüseyn Avni Botsalı açıblar.

İslam Əməkdaşlıq Təşkilatının müşaviri, ATƏT sədrinin islamafobiya üzrə sabiq nümayəndəsi Ömür Orhun qeyd edib ki, əsl dialoqu dinlər arasında qarşılıqlı anlaşma və hörmətin mövcud olması şərtləndirir. Məhz bu cür mühitin mövcud olduğu ölkələr günümüzdə radikalizmlə mübarizədə uğur qazana bilirlər.

Konfransa dəstək verən “Sosial vəhdət uğrunda Avropa müsəlman təşəbbüsləri” beynəlxalq qeyri-hökumət təşkilatının icraçı direktoru, Danimarkadan olan ekspert Başarat Qureyşi Azərbaycanda dini tolerantlıq və dövlət-din modelinin unikallığını Avropa ictimaiyyətinin və beynəlxalq ekspertlərin diqqətinə çatdıran ikinci panelə moderatorluq edib. Panel iştirakçılarına söz verməzdən əvvəl o, bildirib ki, Azərbaycan modelinin öyrənilməsi Avropada dialoq və tolerantlığa, həmçinin, bu istiqamətdəki axtarışlara yeni nəfəs vermək baxımından önəmlidir.

Panelin ilk çıxışçısı DQİDK sədrinin müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycanda həmişə yüksək tolerantlıq mühiti hökm sürüb, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib: “Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqının, onun milli xüsusiyyətlərinin və İslam dininin misilsiz tarixi rolu danılmazdır. Bu gün tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahlarla yanaşı, yəhudi və xristian məbədlərinin də bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!