14 Noyabr, 2014
2012-ci ildən bəri “Qiyamət” bərəkəti yaşayan Şirincə-REPORTAJ

İzmirdə olduğum 3 gün ərzində gəzdiyim turistik bölgələrdən sonuncusu Şirincə oldu. Dağların qoynunda yerləşən bu balaca kəndin adı 2012-ci ildən sonra daha da məşhurlaşdı. Gözüaçıq türk qardaşlarımız iki il bundan əvvəl bütün dünyanın, min illər əvvəl iki sərsəm mayyalının uydurduğu qiyamət praqnozuna inandığı bir vaxtda “qiyamət” bir fürsət yaxaladılar. Qiyamət qopan zaman yer üzündə salamat qalan yeganə yerin Şirincə kəndinin olacağına və həmin gün Həzrəti İsanın bu kəndə gələcəyinə bütün dünyanı inandırmağı bacaran türklərin fərasətinə heyran qalmamaq mümkün deyil doğrusu. Hətta Türkiyənin Mədəniyyət və Turizm naziri də o vaxtlar “açığı mən də turist gəlsin deyə bu əfsanəyə çox da qarşı çıxmadım” deyərək izmirlilərin bu uydurmasına sonuna qədər dəstək olmuşdu. Necə deyərlər “güc birlikdədir”.

Şirincə necə bir yerdir, bu kəndin xüsusuiliyi nədir, bu əfsanəni uydura bilmək üçün gətiriləcək bir əsas varmı-yoxmu... Bütün bunları gözlərimlə görüb sizlərə nəql etmək üçün düşdüm yolun düzünə. İsitiqamət yenə Səlcuq avtovağzalıdır. Şirincəni Səlcuqdan 8 kilometrliik bir məsaf ayırır.

Bizi Şirincəyə aparan dolama dağ yolları “dolmuş”da əyləşən sarışın göygöz turistləri heyrətləndirsə də məni təəccübləndirmədi. Çünki Xınalığın, Qubanın, İsmayıllının dağ kəndlərinə qalxan yollarından heç bir fərqi, qeyri-adiliyi yox idi. Bu da məşhur Şirincə.

Kənd ortasından dərə keçən iki yamac üzərində qurulub. Yolları olduqca dar, və daş örtüklüdür. Evlər bir-birinin baxış bucağına mane olmayacaq şəkildə tikilib. Aşağı mərtəbələri daşdan, yuxarı mərtəbələri isə taxtadan inşa edilib.

Bütün evlərin üst mərtəbələri mənzərəyə açılır. Taxta damların üstü kirəmitlərlə əhatə olunub. Evlərdən başqa kənddə sobalar, qəhvəxanalar və bulaqlar da diqqət çəkir. XIX əsrdə tikilən Aya Yani və Aya Dimitri kilsələri də kəndin əhəmiyyətli tarixi abidələrindəndir.

Kəndin bir də kiçik bir bazarı var ki, bu bazarda nə axtarsanız tapa bilərsniz. Əl işləri, sabunlar, bəhməzlər, ballar, lokumlar və s....

Kəndə girdiyim an diqqətimi çəkən ilk şey, buranın tamamilə turistlərə məxsus olan bir yerə çevirilməsi oldu. Hər yerdə turistlər üçün dükanlar, hədiyyəlik əşya satılan yerlər, çox saylı şərab mağazaları var idi. Kəndin girişində əhalinin sayı göstərilən lövhə yazılıb. Bu balaca kənddə nə az nə çox 570 nəfər insan yaşayır.

Bu balaca kəndə axışan turistlər, onsuz da darısqal olan küçələrdə əməlli başlı tıxac yaratmışdı. Tərifi göyə vurulduğu qədər də qeyri-adi bir kənd olduğunu deyə bilmərəm, amma maraqlı kənddir. Məsələn ən maraqlısı odur ki, bu kəndin camaatı kənddən kənara çıxmadan oturduqları yerdə pul qazana bilirlər. Necə? Bax elə bu lövhədə yazılan kimi: “Anam hazırlayır mən satıram”.

Gəziləsi elə də çox yeri yoxdur. Məsələn 1 saat içində Şirincəni gəzib qurtara bilərsiniz.

“Mavi şirinlər” cizgi filmini yəqin ki, hamınız xatırlayırsınız. Şirincədə oyuncaq  mavi şirinlər satılan bir neçə mağaza vardı. “Söhbətə nə dəxli var” deməyə tələsməyin. Məsələn mən elə bilirdim ki, bu kəndin adının həmin mavi şirinlərlə bir bağlılığı var. Amma sən demə kəndin adı Şirincəyə çevirlməzdən əvvəl başqa adları olub. Bu ad dəyişdirmənin çox maraqlı bir hekayəsi var.

Deyilənə görə tarixi V əsrə qədər gedib çıxan bu kəndin köhnə adları arasında ən məşhurları Kırkınca, Çirkincəymiş. Məşhur Kiepert xəritələrində Kyrikindje, Kirkincdsche, Kirkidje, Kırkıca şəkilində adlar verilib. Təbii ki, müxtəlif hekayələr söylənməkdədir. Amma eşitdiyim hekayələrdən biri belədir. Deyilənlərə görə yuxarıdakı kəndin varlığını gizlətmək üçün Ayasuluqda və başqa yerlərdə Çirkincə deyilmiş, çirkinliyə aid hekayələr uydurulmuşdu. Aydınoğlulları adlı bir tayfanın dövründə azad edilən bir qrup rumlunun onlara göstərilən bu kənddə məskunlaşır və onlara verilən  “məskunlaşacağınız yer gözəldirmi?” sualına cavablarında kəndin çox çirkin kənd olduğunu söyləyiblər. Bu vəziyyət Vali Kazım Paşanın kəndə baş çəkdiyi günə qədər beləcə davam edir. İzmirin qurtuluşu zamanı boşalan kəndə 1924-cü ildə Selanik və ətrafından gələn türk ailələri məskunlaşdırılıb. Bu arada Çirkincəni ziyarətə gələn Kazım Paşanı, kəndin müəllimi Suat bəy yazıb, bəstələdiyi “kənd marşı” ilə qarşılayanda Kazım Paşa çox kövrəlir. Bundan sonra kəndin adının Şirincə olduğunu elan edir.

Sorağı Azərbaycana qədər gəlib çıxan Şirincədəki gəzintimi sona çatdırdım. Əlbətdə fərqli yerlərdə olmağın hər zaman bir üstünlüyü var. Amma sanıldığı kimi qeyri-adi bir kənd deyildi. Ən azından ona görə ki, Azərbaycanda bizim ixtiyarmızda Şirincə qədər qədim və dağların qoynunda yerləşən yaşayış məskənləri çoxdur. Sadəcə olaraq türk qardaşlarımız turizmi inkişaf etdirmək baxımından bizdən daha gözüaçıq və cəlddirlər.

Günel Musa

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!