13 Noyabr, 2014
Ermənilər BQXK-ni aldadır

Qarabağda vurulan helikopterdə olan ekipaj üzvlərindən biri sağ ola bilər.

Simsar.az-ın məlumatına görə, bu barədə qondarma Dağlıq Qarabağ respublikasının "müdafiə ordusu"nun mətbuat katibi Senor Asratyan açıqlama verib.

O, bildirib ki, hazırda məlumatın dəqiqləşdirilməsi üçün işlər davam etdirilir.

"Biz cəsədlərin hadisə yerindən götürülməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etmişik", deyə Asratyan bildirib.

Ermənistan Müdafiə Nazirliyi isə açıqlama yaymışdı ki, helikopterdə olan ekipaj komandiri Sergey Saakyan, baş leytenant Sarqis Nazaryan və leytenant Azat Saakyan ölüblər. Amma indi separatçı DQR helikopterdəki ermənilərdən birinin sağ olması ehtimalını irəli sürür və bununla da BQXK diqqətini bura yönəltmək istəyir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.

Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!