12 Noyabr, 2014
Kompyuterdə xalq oyunları hazırlanması müzakirə ediləcək

Noyabrın 14-də Tərtər Rayon İcra Hakimiyyəti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə Tərtərdə “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilək. Simsar.az xəbər verir ki, konfrans AMEA Folklor İnstitutunun qəbul etdiyi qərara əsasən reallaşdırılacaq.

Konfransda ümumtürk kontekstində xalq oyun və meydan tamaşalarının müqayisəsi, Qarabağda tarixən mövcud olmuş xalq oyunları və meydan tamaşaları, xalq oyunlarının ritual-mifoloji kökləri, mövsüm və mərasimlə bağlı xalq tamaşaları, xalq oyunlarının musiqi ilə əlaqəsi, uşaq oyunları, xalq oyunlarının xalq mədəniyyətinin digər sahələri ilə əlaqəsi, kompyuterdə xalq oyunlarından və meydan tamaşalarından oyun proqramları hazırlamaq imkanları və s. məsələlər müzakirə olunacaq.

Konfransın keçirilməsində məqsəd həm Qarabağ, həm də digər bölgələrimizdə mövcud olan xalq oyun və meydan tamaşalarını ümumtürk kontekstində öyrənən və araşdıran elm adamlarının bir araya gəlməsini təmin etmək və onların fikirlərini Azərbaycan  və dünya ictimaiyyətinə çatdırmaqdır.

Qeyd edək ki, AMEA Folklor İnstitutu tərəfindən bu mövzuda müxtəlif dövrlərdə tədbirlər keçirilib. Belə ki, İnstitut tərəfindən 2012-2014-cü illərdə 9 cildlik “Qarabağ: folklor da bir tarixdir” toplusu çap edilib. 2012-ci il 26 dekabrda Bakıda, 2013-cü il 15 noyabrda Ağcabədi “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda elmi konfrans keçirilib.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!