8 Noyabr, 2014
Gəncləri üçün seçki təlimləri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” ictimai birliyi tərəfindən “Gənclərin seçmək və seçilmək hüququ - regionlarda gənclərin seçki aktivliyinin yüksəldilməsi” layihəsinə yekun vurulub.

5-8 noyabr 2014-cü il tarixində, Ağdaş və Zaqatala rayonlarının gəncləri üçün təşkil edilən yekun təlimlərdə 70-ə yaxın  gənc iştirak edib. Tədbirlərin açılışında vətən uğrunda şəhid olmuş övladlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Çıxış edən “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin sədri Nəsimi Həsənov iştirakçılara Azərbaycan Respublikasının gənclər siyasəti, vətənpərvərlik və təşkilatın fəaliyyəti barədə qısa məlumat verərək gəncləri təlimlərdə fəal iştirak etməyə çağırıb.

Təşkilatın sədr müavini Daşqın Rəcəbli bildirib ki, bu təlimlərin əsas məqsədi gənclərin seçki aktivliyini və mədəniyyətini formalaşdırmaq, onların seçkilərə olan etinasızlığının qarşısını almaqla gələcəkdə azad və ədalətli seçkilərin keçirilməsinə mümkün şərait yaratmaqdır.

Layihənin təlimçisi Ceyhun Abbasov təlimin məqsəd və vəzifələri barədə məlumat verərək, gənclərə demokratiya, seçki, seçmək və seçilmək hüququ anlayışlarının elmi təhlili, eyni zamanda seçkilərin dövlət və xalq üçün əhəmiyyəti, bu sahədə mövcud beynəlxalq təcrübə barədə danışıb.

Qeyd edək ki, təlim prosesində  gənclərə özünütəsdiq və seçki aktivliyinin önəmliliyi, ictimai fəallığın təşkilata çevrilməsi yolları, region gənclərinə qeyri-hökumət təşkilatları yaratmağın prosedur qaydaları barədə geniş bilgilər verilib. Gənclərə  xatirə olaraq onlara təlim prosesini xatırladacaq köynəklər və papaqlar, təlimləri əks etdirən buklet və kitablar paylanılıb.

Təlimlərdə Ağdaş rayonundan Vəliyev Sarvan, Manafova Dilarə, Yusifova Əfsanə, Mustafayeva Sevinc, Zaqatala rayonundan olan gənclər Zülfüqarlı Zülfüqar, Səfərova Ayşə, Əliyeva Nazxanım, Kərimli Ləman xüsusi fəallıq göstəriblər.

Qeyd edək ki, bundan əvvəl Astara rayon gəncləri üçün təlimlər keçirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!