12 Noyabr, 2014
DSMF-da xüsusi əlaqələndirmə komissiyası yaradıldı – RƏSMİ

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə xüsusi əlaqələndirmə komissiyası yaradılıb.

Simsar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fondun sədri Elman Mehdiyev deyib.

Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın əhəmiyyətindən bəhs edən DSMF sədri vurğulayıb ki, sənəd ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır.

E.Mehdiyev Konsepsiyada nəzərdə tutulan sosial sığorta normativinin strukturunun optimallaşdırılması, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olanlara tələb olunan minimum sığorta stajı illərinin sığorta prinsiplərinə uyğunlaşdırılması, pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi, erkən pensiyaya çıxma hallarının məhdudlaşdırılması və digər məsələlərlə bağlı qaldırılan sualları cavablandırıb.

O, vurğulayıb ki, yeni mərhələdə pensiya islahatları çərçivəsində həyata keçirilən tədbirlər, hazırlanacaq normativ sənəd layihələri mütəmadi şəkildə ictimai müzakirələrə çıxarılacaq.

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!