16 Aprel, 2011
SABAH AKSİYA OLACAQ VƏ QARŞISI ALINACAQ

İctimai Palata: “Aksiya keçirmək müxalifətin konstitusion hüququdu”

Ehsan Zahidov: “Vətəndaşlar istəmirlər ki, ölkədə ictimai asayiş pozulsun” 

Bir neçə müxalifət partiyasının təmsil olunduğu Ictimai Palata sabah paytaxtın Sahil bağında Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılmamış mitinq keçirmək niyyətindədir.
İctimai Palatanın mitinq komitəsinin üzvləri Asəf Quliyev (AXCP), Hüseyn Məlik (Müsavat), Əli Orucov (AMİP) və Fikrət Cəfərov (KXCP) Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb və onlara xəbardarlıq olunub. Xəbərdarlıqda bildirilib ki, aksiyanın qarşısı alınacaq və baş verə biləcək xoşagəlməz hallara görə, məsuliyyəti aksiyanın təşkilatçıları daşıyır. Mitinq komitəsinin üzvləri isə aksiya keçirməyin müxalifətin konstitusion hüququ olduğunu bəyan ediblər.
Müxalifətə yaxın mətbu orqanlar artıq bir neçə fəal şəxsin saxlanılaraq polis idarələrinə aparıldıqları barədə məlumat veriblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Simsar.az-a deyib ki, radikal müxalifətin sabaha planlaşdırılan mitinqi Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılmadığından ictimai asayişin pozulmasına cəhd kimi qiymətləndiriləcək. Və polis tərəfindən qarşısı alınacaq.
Mitinqin dağıdılmasında mülki şəxslərin gücündən istifadə olunmasına gəldikdə isə, E.Zahidov bildirib ki, qanun pozuntusunun qarşısının alınmasıda polis əməkdaşlarına istənilən mülki vətəndaş kömək edə bilər: “Biz heç kəsi məcbur etmirik ki, icazəsiz aksiyanın qarşısının alınmasında polisə kömək etsin. Onlar bunu könüllü edirlər. Fiziki cəhətdən imkanı olan gənclər polisə kömək edə bilər. Sovet dövründə “xalq drujinası” var idi. Fəal vətəndaşlar polisə kömək edirdi. Vətəndaş mövqeyi sərgiləyirdilər. Vətəndaşlar istəmirlər ki, ölkədə ictimai asayiş pozulsun”.

Ruslan


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!