15 Aprel, 2011
Zakir Qaralov Əli Kərimliyə xəbərdarlıq etdi

“Onun kimin sifarişini yerinə yetirdiyi bizə bəllidir” 

Korrupsiyaya Qarşı Mübarizə Forumunda iştirak edən respublikanın baş prokuroru Zakir Qaralov jurnalistlərə açıqlamasında Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general Rail Rzayevin qətli barəsindəki istintaq işindən danışıb. 
Simsar.az-ın məlumatına görə, Baş prokuror deyib ki, generalın qətlə yetirilməsi və bu cinayət işinin hələ də açılmaması Azərbaycan dövlətini, prokurorluq işçilərini çox narahat edir: “Qətllə bağlı cinayət işinin açılmaması o demək deyil ki, hüquq-mühafizə orqanları bununla bağlı heç bir iş görmür: “Tərəfimizdən lazımı tədbirlər görülür. Biz əminik ki, cinayət işinin açılması istiqamətində gördüyümüz tədbirlər öz müsbət nəticəsini verəcək”.
Z.Qaralov AXCP sədri Əli Kərimlinin evinin qarşısında keçirilən aksiyaya da münasibət bildirib: “Əli Kərimli deyilən şəxs Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdır. Qanun çərçivəsində hərəkət etməlidir. İnsanları itaətsizliyə, zorakılığa sövq etməməlidir. Onun kimin sifarişini yerinə yetirdiyi bizə bəllidir” .

Baş prokuror həmçinin Azərbaycanda qanunsuz keçirilən aksiyaların qarşısının alınacağını da vurğulayıb. O, radikal müxalifət qüvvələri Azərbaycanda sabitliyi pozmağa çalışdığını deyib və belə sifarişlərin haradan qaynaqlanmasından xəbərdar olduğunu dilə gətirib: “Radikal müxalifət bilməlidir ki, Azərbaycanda hüquqi-dünyəvi dövlət qurulub. Aprelin 2-də keçirilən qanunsuz aksiya ilə bağlı 9 nəfər məsuliyyətə cəlb edilib, istintaq davam edir, ölkədə ictimai asayişi pozan şəxslərə qarşı ciddi tədbirlər görüləcək”.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!