15 Aprel, 2011
Körpü uçdu

Səbəb ağır tonnajlı yük maşınlarıdır

Ağır tonnajlı yük maşınlarının hərəkəti körpünün uçmasına şərait yaradıb

Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrində, Kür çayı üzərində yerləşən körpü uçub.


Bu barədə APA-nın Mil-Muğan bürosuna 34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov məlumat verib. Onun bildirdiyinə görə, Kür çayı üzərindəki körpünün üstündəki dəmir-beton plitələrin uçması nəticəsində yolda avtomobillərin hərəkəti hər iki istiqamətdə dayandırılıb. Uçmuş 12 kvadratmetr hissənin bərpası üçün yeni beton plitələr gətirilib. Rəis müavini beton plitələrin bu gün saat 15.00-a qədər quraşdırılıb başa çatdırılmasının nəzərdə tutulduğunu deyib.


Körpünün uçmasına orada quraşdırılmış şlaqbaumun götürülməsi səbəb olub. Bununla bağlı ağır tonnajlı yük maşınlarının körpüdə hərəkəti bərpa edilib. Bu isə körpünün uçmasına şərait yaradıb.


Qeyd edək ki, bir müddət əvvəl əraziyə ezam edilmiş mütəxəssislər Kür çayı üzərindən keçən körpüdən ağır avtomobillərin keçməsinin qadağan edilməsinin vacib olduğunu bildiriblər. Onlar körpünün təhlükəli vəziyyətdə olduğunu, orada istifadə edilən metal konstruksiyalarının da öz ömrünü başa vurduğunu açıqlayıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!