15 Aprel, 2011
Korrupsiya qarşı forum keçirilir

Roland Kobia: “Biz hökumətə korrupsiya əleyhinə proqramın hazırlanmasında və icrasında kömək edə bilərik”

Əgər Azərbaycan maraqlıdırsa, biz hökumətə korrupsiya əleyhinə proqramın hazırlanmasında və layihələrin həyata keçirilməsində kömək edə bilərik.


“Daxili İşlər Nazirliyinin Yol Patrul Xidməti və Dövlət Gömrük Komitəsində çalışan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə bu orqanlar tərəfindən toplanan cərimələrdən daxil olan vəsaitin 25 faizi həmin orqanların əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq. Bundan sonra cərimələr bank və plastik kartlar vasitəsilə ödəniləcək. Bu sistem yaxın vaxtlarda miqrasiya xidmətində də tətbiq olunacaq”.

Bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının, Baş Prokurorluğun və Korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin təşəbbüsü ilə bu gün keçirilən forumda Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov bildirib.

F.Ələsgərovun sözlərinə görə, korrupsiya ilə mübarizədə sıx əməkdaşlıq və daimi format olmalıdır: “Bu məqsədə çatmaq, iqtisadiyyatın davamlı inkişafını təmin etmək məqsədilə bir çox vəzifələr, o cümlədən makroiqtisadi sabitliyin qorunması, sağlam rəqabətin gücləndirilməsi, inhisarçılığın qarşısının alınması, vergilər bazasının genişləndirilməsi, investisiya proqramlarının və investisiya yönümlü siyasətin davam etdirilməsi üçün tədbirlər müəyyən edilib. Korrupsiyanı doğuran səbəblər müxtəlifdir. Burada iqtisadi, institusional, sosial, mədəni faktorlar xüsusi seçilir”.



Baş prokuror, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Zakir Qaralov QHT-lərlə səmərəli əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləyib. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə Azərbaycanda həmişə olub, lakin beynəlxalq standartlara uyğun mübarizə konsepsiyasına 2003-cü ildən başlanıb. Z. Qaralov qeyd edib ki, görülən tədbirlər nəticəsində cinayətlərin qarşısının alınmasına nail olunur: “Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində struktur islahatları həyata keçiriləcək”.

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel “Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq” mövzusunda çıxış edib. O bəyan edib ki, korrupsiya deyilən virus cəmiyyətin demokratikləşməsini zəiflədən, iqtisadiyyatı məhv edən bəladır: “Azərbaycanda bu istiqamətdə işlərin görülməsi, qanunvericilik bazasının hazırlanması böyük və önəmli addımların bir hissəsidir. Mübarizə çərçivəsində hüququn aliliyini öndə tutmaq daha vacibdir. Bu, dünya təcrübəsindən irəli gəlir. Başqa ölkələrin təcrübələrindən də bəhrələnmək olar”.

Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia “Avrointeqrasiya prosesində korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti” mövzusunda çıxışında korrupsiyanın dövlət və cəmiyyətin inkişafına qarşı neqativ təsirindən danışıb: “Korrupsiya ictimai narazılığı artırır, qanunun aliliyini zəiflədir və bütün sistem əziyyət çəkir, cəmiyyətin sarsılmasına gətirib çıxarır. Gəlirin aşağı olması da korrupsiyaya səbəb olur”.

Korrupsiya ilə mübarizənin yolları haqda danışan R. Kobia deyib ki, Azərbaycanın bu problemlə mübarizə aparmaq üçün bütün imkanlar var: “Cəmiyyət korrupsiyaya qarşı mübarizədə dövlətə kömək etməlidir. Azərbaycanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərin arasında da korrupsiya ilə mübarizə yer alıb. Əgər Azərbaycan maraqlıdırsa, biz hökumətə korrupsiya əleyhinə proqramın hazırlanmasında və layihələrin həyata keçirilməsində kömək edə bilərik. Biz Azərbaycanın sabit və uğurlu ölkə kimi görmək istəyirik”.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!