3 Noyabr, 2014
Qarabağdan uşaq bağçasının anbarına aparan yol - REPORTAJ + FOTOLAR

“Dağ başından gəlib şəhərdə gün gördülər” - Cahil insanların yurd-yuvalarını, ev-eşiklərini, dünyadan köçənlərinin qəbirlərini düşmən tapdağı altında qoyub paytaxta üz tutmaq məcburiyyətində qalan məcburi köçkünlər haqqında işlətdikləri bu sözləri tez-tez eşidirik.

Bu sözü deyən insanları çox uzağa yox, Xətai rayoununun Əhmədli qəsəbəsində yerləşən 188, 186 və 88 saylı bağçalara baş çəkməyə dəvət edirəm. Gəlib görsünlər ki, “Bakıda gəlib gün gördülər” dedikləri insanlar hansı şəraitdə yaşayır.

“Uşaq bağçalarında yaşayan məcburi köçkünlərin evlə təmin olunub. Bu proses artıq ləğv olunub. Zərurət yaranarsa bu məsələyə yenidən baxılacaq”.

Bunu Simsar.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov demişdi.

Həzi Aslanov metrosunun ətrafındakı bağçalarda yaşayan qaçqınlar tərəfindən redaksiyamıza şikayət daxil oldu. Fotoaparatımı götürüb yola düzəldim. Öncə üz tutdum188 saylı uşaq bağçasına. Bağçanın kənardan görünüşü artıq içəridə hansı şəraitlə qarşılaşacağımdan xəbər verirdi. 10-a yaxın ailənin məskunlaşdığı bağça həm də müəsissə kimi fəaliyyət göstərir.

1 otaqda 3 ailə

Bu şəraitsiz yerdə yaşamağa məcbur olan Orucovlar ailəsinin vəziyyəti doğurdan da acınacaqlıdır. 3 ailə 1 otaqda məskunlaşıblar.  İki oğlunun evləndirən ailənin başqa əlacı qalmadığı üçün, gəlinlərin hər ikisini həmin bu bir otağa gətirməli olub. Otağı taxta arakəsmə ilə iki yerə bölüb bir təhər yerləşən ailə üzvləri, evin böyüklərinin yer olmadığı üçün mətbəxtdə yatdıqlarını deyirlər:

“3 ailə bir otaqda yaşayırıq. Əgər buna yaşamaq demək olarsa. Gənc ailəyik, ikiyə böldüyümüz balaca otaqlarda yatırıq. Ata-anamız isə mətbəxtdə yatırlar. Heç bir şəraitimiz yoxdur. Divarlardan su damır. Rütubətdən evdə oturmaq mümkün deyil. Kanalizasiya xətləri bərbad gündədir. Zirzəmi su içində olduğu üçün ağcaqanadlar rahatlıq vermir”.

Ailənin ən yaşlı üzvləri olan yaşlıları- nənə-baba isə bağçanın həyətində taxta arakəsmələrlə tiktikləri, bir insanın güclə ayaq uzadacağı otaqda yaşayırlar. Dilguşə nənə deyir: “Səsimizi eşidən, çəkdiyimiz zülmü görən yoxdur. Görün burda yaşamaq olar?  Bu balaca yeri özümüz tikmişik ki,başımızı salmağa yer olsun. 3 nəfər toyuq hinində yaşayırıq”.

Siçovullarla, kəltənkələlərlə birlikdə

Bağçanın həyətindəki vəziyyət isə daha acınacaqlıdır. Məmmədovlar ailəsi bağçanın meyvə-tərəvəz anbarında yaşayırlar. İki ailə 2 gözdən ibarət olan balaca, qaranlıq, havasız, rütubətli otaqlara sığınıblar. Bir otaqda 5 nəfər qalır. Ailənin ağbirçəyi 90 yaşlı Nabat xala deyir ki: “Burda insan yaşamaz, amma biz yaşayırıq. Oğul dözə bilmirəm, amma məcburam. Nə edim. Siçovullarla birlikdə yaşayırıq. Nəfəs ala bilmirəm”.

Ailənin ev kimi istifadə etdiyi anbarın hava girəcək yeri yoxdur.  Mənim 5 dəqiqə içəridə dayana bilmədiyim bu havasızlıqda Məmmədovlar illər yola salıb və belə görünür ki, “Qaçqınkom”un  dediyi kimi, “zərurət yaranmadıqca”  hələ də yaşamağa davam edəcəklər.

Evin gəlini Aytəkin Məmmədova deyir ki, yağış yaşanda uşaqlarını yatırmağa yer tapmır:

“Hər yerdən su damır. İlin günün bu vaxtında biz hələ də yağış yağanda evin ortasına qab düzürük ki, ayağımızın altı su olmasın. Siçovullar da bir  tərəfdən zəhləmizi aparıb.Olan-qalan paltar-palazımızı yeyirlər. Gecələr qorxa-qorxa yatırıq ki, birdən uşaqları dişləyərlər. Burda hər növ gəmirici, sürünən var. Biz siçovullara, kərtənkələlərə öyrəşmişik artıq, amma uşaqlara görə qorxuruq. Dərs oxumağa da yer tapmır övladlarımız. İşıq sönəndə isə zülmət qaranlıq olur. Evin içində də incir ağacı olar? Amma bizdə var, baxın”. Doğurdan da ağacın kökü evin içindən keçir.

Ürək ağrısı ilə üz tutdum yaxınlıqda olan daha bir uşaq bağçasına. 186 saylı bağçada da vəziyyət fərqli deyildi. Burda məskunlaşan İbrahimovlar ailəsi 10 nəfərdən ibarət ailə üzvüləri ilə 2 otağa sığınıblar.

“Yalançı ümidlə yaşatmasınlar, birdəfəlik desinlər ki, sizə ev verilməyəcək”

Ailənin üzvləri hər il köçürüləcəkləri yalanı ilə yaşadıqlarını bildirdilər:

“Bizə gəlib dedilər ki,əşyalarınızı yığın 15 günə köçəcəksiniz. Amma sonra öyrəndik ki, bağçanı təmir etmək üçün bizi aldadırmışlar. Dişimizlə dırnağımızla qazanıb qurduğumuz şəraitimizi dağıtdılar. Ustalar kondisionerimizi  vurub sındırdılar. Əşyalarımız yığılı qalıb. Birdəfəlik desinlər ki, köçməyəcəksiniz, biz də ümidlə yaşamayaq. Dəfələrlə Qaçqınkoma müraciət etmişik. Vəziyyətimiz haqqında məlumatlıdırlar. Amma heç bir tədbir görülmür”.

“Hökumətin ayırdığı keyfiyyətli materialı bir gecədə aparıb yerinə keyfiyyətsizlərin gətirdilər”

8 ailənin məskunlaşdığı 88 saylı bağçada məskunlaşan məcburi köçkünlər də hər gün ümidlə yaşayırlar. Uşaq bağçası kimi fəaliyyət göstərən müəsissə 3 il əvvəl təmir olunsa da tamamilə yararsız vəziyyətdədir. Məcburi köçkünlərin sözlərinə görə bağçanın təmiri ayrılan keyfiyyətli materiallar gecə ilə daşınıb aparılıb, əvəzinə yararsız materiallar gətirilib. Otaqların divarları çat verib, su borularından otaqlara su axır. Hər il köçürülmə məqsədiylə siyahıya alındıqlarını deyən sakinlər, hələ də bir nəticə olmadığını bildirdilər.

Bu mənzərələri gördükdən sonra bu nəticəyə gəldim ki, “uşaq bağçalarında yaşayan qaçqınların hamısı evlə təmin olunub. Zərurət yaranarsa məsələyə yenidən baxılacaq” deyən Elçin Qədimovun, ya Xətai rayonundakı bağçalarda yaşayan məcburi köçkünlərdən xəbəri yoxdur, ya da bu siyahı həqiqətən də onların əlinə gedib çatmayıb. Məsələ burasındadır ki, bu məsələ nəin ki zərurət, bu ölüm-qalım məsələsidir. Bu iqtisadiyyatı hər gün inkişaf edən bir ölkənin utanc yeridir.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!