1 Noyabr, 2014
Azərbaycan "WTM 2014" beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi  03 - 06 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində keçiriləcək "WTM 2014" beynəlxalq turizm sərgisində iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat katibi Zöhrə Əliyeva, Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıncov, Regionlarda turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Aysel Əliməmmədova və Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aytən Əliyeva daxildir.

Həmçinin sərgidə 14 yerli turizm şirkəti, "Geo Travel", "SW travel", "ENC tours", "The tour", "Turizm.az", "AL travel", "İmprotex travel", "ATA travel", "STİ travel", "Regea travel", "Proxy travel", "Gilan tourism", "Billur travel", "Millennium Tourism and Congress", 2 mehmanxana "Pik Palace", "Jumeirah Bilgah Beach hotel", həmçinin, "Azərbaycan Hava Yolları" təmsil olunacaqlar.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 105 kv.m sahədə lövhə quraşdırılmışdır. Lövhə sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on ikinci dəfədir ki, "WTM" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin ötən il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 192 ölkədən 5500-ə yaxın şirkət təmsil olunub.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!