1 Noyabr, 2014
Polşada dəfn olunmuş azərbaycanlı zabitlər anılıb

Simsar.az-a verilən xəbərə görə, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, səfirliyinin əməkdaşları, Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımova və Cəmiyyətin üzvləri Varşavanın müsəlman qəbiristanlığında dəfn edilmiş Azərbaycan hərbçisi, Polşa Ordusunun polkovniki Vəli bəy Yadigarın, podpolkovnik İsrafil bəy Yadigarın və Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə və Xarici İşlər Nazirliklərində çalışmış Krıçinskilər ailəsinə mənsub qəbirlərini ziyarət ediblər və məzarların üzərinə əklillər qoyublar.

Qeyd edək ki, V.Yadigar 1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunda xidmət edib. XI Ordu Bakıya basqın edərkən Gəncə üsyanında iştirak edib. 1921-ci ildə əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirət edib.

Azərbaycanın görkəmli hərbçisi V.Yadigar Polşanın ağır günlərində göstərdiyi şücaətə görə Polşada polkovnik rütbəsinə layiq görülüb. Hitler Almaniyası Polşanı zəbt edərkən gizli hərbi müqavimət briqadası yaradaraq qəsbkarlara qarşı vuruşub. 1944-cü ildə daxil olduğu polkun hərbi bayrağının mühafizəsi V.Yadigara həvalə olunub. Sovet qoşunları Polşaya daxil olduqdan və Polşada Sovet hakimiyyəti qurulduqdan sonra polkovnik Avropanın bir sıra ölkələrinə və nəhayət, Argentinaya mühacirət edib. Azərbaycana dönmək ümidi olmadığından V.Yadigar Polşada müsəlman qəbiristanlığında dəfn olunmasını və məzarının üstündə milliyyətcə azərbaycanlı olduğunun qeyd olunmasını vəsiyyət edib.

V.Yadigar 1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat edib. Vəsiyyətinə əsasən V.Yadigarın cənazəsi 1990-cı ildə Polşaya gətirilərək müsəlman ənənəsi və hərbi protokol qaydaları ilə yenidən dəfn edilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!