14 Aprel, 2011
Müxalifətdən istefalar xəbəri, Müsavatın “yalandır” cavabı

4 partiyadan 174 nəfər istefa verib?

Müxalifət partiyalarından növbəti istefalar xəbəri yayılıb. APA-nın məlumata görə, ADP, Müsavat, AMİP və AXCP-nin Zərdab rayon şöbələrini son iki gündə 174 nəfər tərk edib. 

ADP-nin Zərdab rayon təşkilatı sədri Rasim Kərimov başda olmaqla 34 nəfərlə fəaliyyətini tamamilə dayandırıb.

AMİP-in yerli təşkilatının sədri Namiq Kürçaylı başda olmaqla ümumilikdə 84 üzvlə bu partiyanın rayon şöbəsi tamlıqla istefa verib.

AXCP-nin yerli şöbəsindən 28 nəfər, Müsavatdan isə 12 nəfər istefa ərizəsi yazıb.

Onlar bəyanatlarında bu ilin martından üzü bəri bir qrup gəncin müxalifət partiyalarının sədrlərinin təsiri altına düşərək ictimai asayişi pozması, sosial və xidməti obyektlərə ziyan vurmalarını pisləyib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə Simsar.az-a açıqlamasında xəbəri təkzib edib: “Hakimiyyət bir yandan deyir ki, müxalifətdə heç kəs qalmayıb, digər tərəfdən isə hər gün onlarla adamın partiya sıralarını tərk etdiyini bəyan edirlər. Bu məlumatlar tamamilə əsassızdır. Partiyamızdan heç kəs istefa verməyib”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!