30 Oktyabr, 2014
Yuxuların izi ilə tapılan Məryəm Ana Evindən reportaj - FOTOLAR

İzmir Türkiyənin tarixi abidələrlə zəngin olan üçüncü böyük turistik şəhəri hesab olunur. Xristian toplumlarından qalma abidələrin Osmanlının işğal etdiyi ərazilərdən  tapılması, təbii sərvət sarıdan kasıb olan Türkiyə üçün sözün əsl mənasında həyat işığına çevirilib. Dünyanın demək olar ki, bütün ölkələrindən insanları maqnit kimi özünə çəkən bu məkanlar, özlərinin etiraf etdiyi kimi tənbəl İzmir əhalisi üçün yaxşı gəlir mənbəyidir.

Efes gəzintisindən sonra Bülbül dağının qoynunda yerləşən müqəddəs Məryəm Ana Evini görmək üçün yola düzəldim. Məryəm Ana Evi Xristiyanların, turistlərin və Müsəlmanların tez-tez baş çəkdikləri bir yerdir. Ev şəhər mərkəzindən 7 km uzaqlıqda yerləşdiyi üçün ora ancaq taksi və ya şəxsi avtomobil ilə getmək mümkündür. Bülbül dağının başına dolanan dar yolları keçdikcə bir şey məni çox düşnüdürdü. Görəsən o vaxtlar yaşlı Məryəm ananı bu dik yollarla necə gətiriblər, bu dağın başına necə çıxarda biliblər. Evin yerləşdiyi yerə çatmamış insanları yolun sağ tərəfində ucaldılan nəhəng Məryəm Ana heykəli qarşılayır.  Evə doğru aparan dar küçənin hər iki tərəfi digər turistik yerlərdə olduğu kimi hədiyyəlik əşyalar satılan dükanlarla əhatələnib. Yolu yarıladığım yerdə sağ tərəfdə Məryəm Ana və Məryəm Ana Evi haqqında bir neçə dildə yazılan məlumat tabloları ilə qarşılaşdım. Tabloların bitdiyi yerdə isə Məryəm Ananın heykəlini görmək mümükündür.

Məryəm Ana Evinin həyəti olduqca genişdir. Hər yer yaşıllıq və nəhəng ağaclarla əhatə olunub. Aldığım məlumata görə Məryəm Ana Evi arxitektura baxımından heç bir dəyişikliyə uğramayıb. İçərisində sadəcə dekorativ dəyişiklik edilib. Həyətdə taxta oturacaqlardan ibarət bir məkan mövcuddur ki, burda  həftənin bazar günləri saat 11:30-da dini ayinlər həyata keçirilir. Mən də bu ayinlərdən birinin  tamaşaçısı oldum.

İki otaqdan ibarət olan kiçik evin sağ tərəfində yerləşən bu yer isə Xristianların dini ayinlərindən biri olan şam yandırma mərasimi həyata keçirilir.  Deyilənə görə əvvəllər bunlar evin içində olub, ancaq ziyarətçilərin sayı çox olduğu üçün evin həyətinə köçürülüb. Belə şeylərə inanmasam da, adət yerini tapsın deyə bir şam da mən yandırdım.

Məryəm Ana ocağının şəfalı suyu

Məryəm Ana Evinin aşağı hissəsindəki bulaqların üstündə;  məhəbbət, sağlamlıq, zənginlik yazılıb. Deyirlər ki, bu sözləri bulaqların üstünə sonradan diqqət çəkmək məqsədi ilə yazılıb. Ziyarətçilər bu suyun şəfalı olduğuna inanırlar. Bulaqdan su içməklə yanaşı, hərə bir şüşüə su da özü ilə ölkəsinə aparır.

“Niyyət divarı”

Bir qədər aşağıda qarşıma üstündə kağız və plastik qabların asıldığı bu divar çıxdı.  Bura “niyyət divarı”adlanır. Bura gəzməyə və ya ziyarətə gələn bəzi insanlar gedərkən niyyətlərinin bir kağız parçasına, ya da plastik qablara yazaraq bu divardan asırlar.

Məryəm Ana Evinin atmosferi

İndi sizlərə kilsənin içərisindən, gələn turist və ziyarətçilərdən, o mənəvi havadan bəhs etməyə çalışacam. Məryəm Ana Evinə gəlməzdən əvvəl İzmirdə bu ev haqqında məlumat verən bir tanışım mənə bunları tövsiyyə etdi: “Oranı turist kimi gəzməklə yanaşı, o evin mənəviyyatını da hiss etməyə çalış. İçəriyə girdiyin zaman gözlərini yum. Məryəm Ana ilə söhbət etməyə çalış”. İçəri girdiyim zaman gözlərimi yummağa vaxt tapa bilmədim. Amma gözlərimi yummadan da Məryəm Ananın nəfəsini o divarlar arasında hiss etmiş kimi oldum. Çöldəki hay-küy, qarğaşa bu kiçik evin sükutu içində itib-batmışdı. İçəri girən hər kəs sadəcə dua edirdi.

Məryəm Ana Evinin içinə girən hər kəsdən başlarını və bədənlərinin açıq nahiyyələrini örtmək xahiş olunur. İçəridə foto çəkmək qəti qadağandır.

Məryəm Ana Evi, girişdən kiçik bir dəhlizdən, orta və çıxış hissədən ibarətdir. Evin giriş hissəsində sağ tərəfdəki divarda mərmər lövhədə vaxtı ilə buranı ziyarət edən papaların adları yazılıb. Eyni girişdə, sol tərəfdəki dolabın üstündən asılmış çəlik, uşaq ayaqqabıları, boyunbağılar diqqətimi çəkdi. Bunların nə olduğunu mühafizəçidən öyrəndim. Sən demə burda dua edən insanların duaları qəbul olandan sonra şükür məqsədiylə müxtəlif əşyalarını Məryəm Ana Evinə hədiyyə edirlər. Hətta əvvəllər bunlar evin içərisində olub, ancaq hədiyyələrin sayı çoxaldıqca onlar üçün rahiblərə məxsus otaqda xüsusi bir guşə düzəldilib.

Evin ortasında, salon hissəsində kiçik oturacaqlar qoyulub. Hər halda bunlar  ziyarətə gələnələrin ibadət etmələri üçündür. Başda isə Məryəm Ananın bürüncdən hazırlanmış heykəli dayanıb. Bu bürünc heykəl İncildən bəhrələnərək hazırlanıb. Məryəm Ana heykəlinin  ayaqları dünyanın üstündədir.

Heykəldə ilk baxışdan görünməyən bir  hal var ki, onu ancaq diqqətlə baxdıqda fərq etmək olur. Məryəm Ana heykəlinin əlləri yoxdur. Bu heykəl Birinci Dünya müharibəsi zamanı oğurlanıb. Çox sonralar heykəl evin aşağı hissəsində  yerləşən bir dərədən tapılaraq geri gətirilib. Heykəlin zərər görən yeganə hissəsi əlləridir. Evin çıxışındakı sağ tərəfdəki divarda  Məryəm Ana qucağında Həzrəti İsa ilə divara motivisasiya edilərək üstü şüşə örtüklə örtülüb.

Məryəm Ana Evinin tapılması

Məryəm Anaya aid olan modern tarix XIX əsrin birinci yarısında  Almaniya Sahillərində, Vestfalyanın bir qəsəbəsində, Dülmen ətrafındakı kəndli qadın Anna Katerin a Emmerikin xəstə yatağından başlayır. Çarəsiz bir xəstəliyə tutulan Emmerik ömrünün on iki ilini iztirab içində və yataq şəraitində yaşayıb. Lakin İsa Məsihin və Məryəmin həyatı haqqında sahib olduğu görüntülər sayəsində təsəlli tapıb.

Emmerikin yuxularının davam etməsi ictimaiyyətin marağına səbəb olub. Belə ki, Klemens Brentano adlı alman romantizm cərəyanı şairi, 1818-ci ildə Emmerikin katibi kimi Dülmenə köçür. Gün keçdikcə Emmerikin söylədiklərini qeyd etməyə başlayır. Şair bir müddət sonra topladığı bu materialları nəzərdən keçirdir və “Rəbbimiz İsa Məsihin əzabı”adlı bir kitab yazır. Onun ölümündən sonra isə “Anna Katerina Emmerikin gözəgörünmələrinə görə Məryəmin həyatı” adlı kitab nəşr edilir. Kitablar oxunduğu zaman, bu yer haqqındakı məlumatlar kilsə rahiblərinin diqqətini çəkir. Yazılanların həqiqət olub, olmadığını araşdırmaq üçün yola çıxırlar və Efesə gəlirlər. Kitabda tərif edilən yerə- dağın yüksəkliklərinə çıxırlar. Yorulb susayan tədqiqatçılar yuxarıda bir tarlada işləyən qadınları görüb su istəyirlər. Qadınlar sularının qurtardığını, amma aşağıdakı da su tapa biləcəklərini söyləyiblər. Su içmək üçün getdikləri  bu yerdə ağacların arasında köhnə bir ev qlığının olduğunu görürlər və kitabda bəhs edilən yerin bura olduğunu anlayırlar. Məryəm Ana Evi haqqında aparılan araşdırmalar nəticəsində gəlinən ilkin nəticəyə görə ev birinci yüz illiyə aiddir.

İsanın göy yüksəlməsindən sonra Məryəm üç il Qüdsdə, üç il Beytanyada, doqquz il, yəni ömrünün son illərini Efesdə bu kiçik evdə yaşayıb.

Günel Musa

Fotolar müəllifindir












Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!