14 Aprel, 2011
Avropa Parlamenti erməni vəhşiliyindən xəbər tutacaq

Fariz Bədəlovun öldürülməsi faktı dünya ictimaiyyətinin diqqətində

“Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən həyətində oynayarkən 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı məsələnin Avropa Parlamentinin növbəti iclasında müzakirə edilməsinə cəhd göstərəcəyik”.

Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Fuad Muradov deyib. F. Muradovun sözlərinə görə, Avropa Parlamentində təmsil olunan Milli Məclisin nümayəndə heyəti artıq bu istiqamətdə iş aparır: “Fariz Bədəlovun, ümumiyyətlə cəbhə xəttində öldürülən mülki şəxslərin və ermənilərin atəşkəsi tez-tez pozması ilə bağlı Avropa Parlamentində məsələ qaldırmaq istəyirik. Bu istiqamətdə cəhdlərimiz də var”. 

F. Muradov qeyd edib ki, sədri olduğu Azərbaycan Gənclər Təşkilatları Milli Şurası isə Avropa Gənclər Forumunun üzvüdür. Bu istiqamətdə də əhəmiyyətli addımlar atılmaqdadır: “Bu ilin mayında Avropa Gənclər Forumunun iclası olacaq. Biz artıq Fariz Bədəlovun ölümü və sərhəddə ermənilər tərəfindən atəşkəsin pozulması ilə bağlı öz məlumatlarımızı həmin quruma çatdırmışıq. Ümumiyyətlə fəaliyyətimiz ondan ibarətdir ki, beynəlxalq təşkilatlar baş verənlərlə bağlı qəti sözlərini desinlər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!