25 Oktyabr, 2014
Misir Prezidenti terrorçu ölkələrə səsləndi

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin fikrincə, Sinay yarımadasında terrorçuların hücumlarında xarici qüvvələrin əli olub. Onun sözlərinə görə, Misir sui-qəsdə qarşı və öz mövcudluğu uğrunda mübarizə aparır.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi birbaşa efirdə millətə müraciət edərək xalqa başsağlığı verib və bildirib ki, Sinay yarımadasında terror aktı kənardan dəstəklənməklə törədilib. Terror aktını törədənlərin məqsədi ordunun və Misir xalqının iradəsini qırmaq, dövləti zəiflətməkdir. İndiki vaxtda başlıca məsələ budur ki, Misir ordusu, Misir xalqı və hakimiyyət orqanları əlbir olsunlar.

Dövlət başçısı xüsusi vurğulayıb ki, Misir bundan sonra da beynəlxalq aləmdə ölkənin mövqelərini möhkəmlətmək yolu ilə irəliləyəcək. O, xalqı əmin edib ki, Misirin hakimiyyət orqanları terror hücumlarına qarşı mübarizə məqsədilə zəruri sərt tədbirlər görmək əzmindədir.

Xatırladaq ki, oktyabrın 24-də silahlılar tərəfindən Misir əsgərlərinə qarşı terror aktları törədilib. Terror hücumları Sinayın şimalında, Şeyx Züveydə və əl-Arişe hərbi blokpostlarında baş verib. Hücum nəticəsində 33 hərbi qulluqçu həlak olub, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölkədə üçgünlük milli matəm elan edilib. Sinay yarımadasının şimalında üç ay müddətinə fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!