25 Oktyabr, 2014
Amansiz qətlin təfərrüatları bəlli oldu

Sabunçuda baş verən qətl hadisəsinin təfərrüatları bəlli olub.

APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb.

Lənkəran şəhərində anadan olan 18 yaşlı Asim Bünyadov, dostu, 20 yaşlı Xızı rayon sakini Yarəli Dadaşovla birlikdə şəxsi münasibətlər zəminində tanışları Gədəbəy rayon sakini, 22 yaşlı Röyal Səfərovu qətlə yetiriblər.

Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub.

Belə ki, Röyal bir müddət əvvəl Asimdən borc pul alıb. Asim pulunu tələb edən zaman tərəflər arasında mübahisə düşüb. Bundan sonra Asim Maştağa qəsəbəsində yaşayan Röyal Səfərovu aralarında yaranan mübahisəni həll etmək üçün yaşadığı “Savalan” yeni yaşayış massivinə dəvət edib.

Asim Röyalla söhbətə dostu Yarəlini də çağırıb. Tərəflər göl qırağında görüşüblər. Asim orada yenidən pulunu tələb edib.

Eşitdiyi cavab onu qane etmədiyindən üzərində olan bıçaqla Röyala çoxsaylı zərbə endirib.

R. Səfərovun öldüyün görən dostlar hadisə yerini tərk ediblər.

Qətldən 20 saat sonra A. Bünyadovla Y. Dadaşov 14-cü polis bölməsinə gələrək könüllü təslim olublar. Onların ifadəsindən sonra hadisə yerinə gedən polis əməkdaşları R. Səfərovun meyitini orada aşkarlayıblar. Şübhəli şəxs qismində saxlanılan dostlar Sabunçu Rayon Prokurorluğuna təhvil veriliblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!