25 Oktyabr, 2014
AMEA-nın yeni binasının açılışı oldu – FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Əhmədli qəsəbəsində yerləşən yardımçı binasının təmirdən sonra açılışı olub.

İnstitutdan Simsar.az-a verilən məlumata görə, mərasimdə iştirak edən AMEA prezidenti, akademik Akif Əlizadə institutun müvafiq şöbələri üçün yaradılmış şəraitlə yaxından tanış olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov Folklor İnstitutunun nəzdində yaradılmış “Folklor studiyası” ilə bağlı AMEA prezidentinə ətraflı məlumat verib, folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi istiqamətində görüləcək işləri diqqətə çatdırıb.

Akademik Akif Əlizadə “Folklor studiyası”nın təkcə Azərbaycan xalqının deyil, eyni zamanda Azərbaycanda yaşayan digər xalqların milli-mənəvi irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayacağını vurğulayıb. A.Əlizadə “Folklor studiyası” ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

AMEA prezidenti, həmçinin institutun binada yerləşən Musiqi folkloru, Aşıq yaradıcılığı şöbələri, Redaksiya-nəşr bölməsi və “İrs” ansamblının işi ilə də yaxından tanış olub, xüsusilə “İrs” ansamblının genişləndirilməsi, daha da təkmilləşdirilməsi, institutun nəşr işlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!