24 Oktyabr, 2014
Azərbaycanda qadın olmaq – Firuzə Qurbanli yazır

Qadın... Bu sözün özü belə insanın çiyinlərinə böyük məsuliyyət və bir çox ağırlıqlar qoyur. Çünki qadın həm ana, həm həyat yoldaşı,  həm də cəmiyyətimizin ən sağlam sütünü mənasını daşıyır. Qadının müqəddəsliyi, ülviliyi haqda yazmaq istəmirəm. Əlsa feminist olduğumu düşünməyin. Zənnimcə, bu mövzuya kifayət qədər yazılar, kitablar həsr edilib indiyə kimi. Mən başqa bir mövzuya toxunmaq istəyirəm. Azərbaycanda qadın olmaq mövzusuna. Bu mövzuya müraciət etməyimə son günlər müşahidə etdiyim bir neçə hadisələr səbəb oldu. Bir neçə gün bundan əvvəl xarici vətəndaşlardan biri sosial media vasitəsilə mənə müraciət edib ona azərbaycanlı xanımla evlənməyinə kömək etməyimi xahiş etdi. Əvvəl bu müraciətə ciddi yanaşmayıb həmin şəxsi əngəlləməyi düşünsəm də sonra fikirimdən daşındım. Maraq mənə güc gəldi və nə üçün məhz öz ölkəsinin xanımı ilə deyil, azərbaycanlı xanımla evlənmək istəməsinin səbəbini soruşdum. Dedi ki, Azərbaycanlı xanımlar çox ailəcanlı, evlərinə, övladlarına bağlı və fədakar olurlar. Qonşularının azərbaycanlı olduqlarını və bu xüsusiyyətləri illərdir onlarda müşahidə etdiyini bildirdi.

Bu cavab məni çox düşündürdü. Həqiqətənmi belədir? Sonra ətrafımdakıları, tanıdığım xanımları bir-bir keçirdim gözümün qarşısından.  Hər səhər evdən çıxıb metro və avtobusda sıxıla-sıxıla işə tələsən, işlərini məsuliyyətlə bitirib axşam yenə eyni əziyyətlə evə tələsən, yol boyu ailə üzvlərinə nə bişirəcəyi haqqında fikirləşib az qala gedəcəyi ünvanı qaçıran, solğun üzlü xanımları düşündüm.  Evə çatar çatmaz uşaqları rahatlayıb, bir tərəfdən yemək bişirib, digər tərəfdən ev tapşırıqlarını hazırlamaqda övladlarına kömək edərlər. Hələ mən evi  səliqə səhmana salmaqdan danışmıram.

Bəs yaxşı onlar bunu nə üçün edir?

Bu suala hər kəsin bir cavabı ola bilər. Mənə görə, Azərbaycan qadınının bu həyatda yeganə istəyi ailəsinin və övladlarının xoşbəxt olmasıdır. Deyə bilərsiniz ki, bunu bütün dünyanın anaları istəyir. Bəli belədir. Amma qadınlarımız, bu istəyi reallaşdırmaq üçün özlərini oda közə atır və hər cür fədakarlığı edirlər.  Azərbaycan qadını olanlarla yetinib övladlarının gələcəyini sadəcə həyatın axarına buraxmaq istəmirlər. Onlar daim övladlarının daha yaxşı təhsili və gələcəyi üçün çalışırlar. Üstəlik bu cəhət sadəcə tənha və ya kasıb qadınlara aid deyil. Minlərlə qadınlarımız ailə vəziyyətlərini daha da yaxşılaşdırmaq, ərlərinin məsuliyyət  yükünü azaltmaq üçün çalışır. Kimi də sadəcə sosial əlaqələri, dünyagörüşü və ya kariyerası üçün işləyir. Bəli bu çox gözəldir. Azərbaycan qadını evdə oturub yemək bişirməklə kifayətlənmir, həm də bayırda işləyərək ailəsinə dəstək olur. Bu zərif məxluqlar çiyinlərinə üç, dörd vəzifəni birdən götürürlər. Uşaq böyütmək məsuliyyəti, pul qazanmaq və ailə, məişət qayğılarını. Üstəlik bunu sevgi ilə edirlər. Yorulmadan. Yetər ki, övladları daha gözəl şəraitdə yaşasın və təhsil alsın, üzləri daim gülsün. Aldıqları məvaciblərin yüzdə yüzünü ailəsi üçün götürdükləri kreditlərə və ya uşaqlarınının təhsil haqqına xərcləyən xanımlarımız var.

Bəs yaxşı Azərbaycan qadınının bütün bu fədakarlıqları qarşısında aldığı mükafat nədir?

-Bəylərimiz... Bu əslində yazılacaq və müzakirə ediləcək ən geniş mövzudur. Amma qısaca keçməyə çalışacam. Onlar aldıqları və qazandıqları ilə yetinir. Kişilərimiz üçün mövcud  imkanlarının sərhəddini aşıb fədəkarlıq etmək boş şeylərdir. Mübarizə aparmaq, özünü oda-közə vurmaq soyuqqanlı kişilərimizə aid edilən cəhətlərdən deyil.  Televizorun qarşısında əyləşib futbol izləmək, uşağın düzgün tərbiyə edilməsində qadına maneə olmaq onların başlıca xüsusiyyətidir. Amma kiçik bir narahatlıqlarını tez hiss etdirər, qadınları məzəmət etməkdən çəkinməzlər. Qadın narazılığını bir balaca dilə gətirən kimi isə ona deyingən adını qoyurlar. Sözsüz ki, bu bütün kişilərə deyil, əksəriyyətinə aiddir. Əslində bu normaldır. İndi bütün Avropa belə soyuqqanlıdır. Əgər qadınlarımızın ailələri üçün bu cür  fədakarlıqları olmasa idi, onda kişilərimizin bu soyuqqanlılıqları o qədər də gözə çarpmazdı. Günümüzün reallığı odur ki, təəssüf ki, bu gün çox hallarda Azərbaycan qadınının fədəkarlığı elə öz həyat yoldaşları tərəfindən qiymətləndirilmir.

 

 

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!