24 Oktyabr, 2014
ABŞ-ın ikili standartları - 907-ci düzəliş

907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən, “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Bu, açıq şəkildə ABŞ-ın Ermənistan və Azərbaycana qarşı yürütdüyü siyasətdə tətbiq etdiyi ikili standartdır.

Qəbul edilmə tarixi

Düzəliş ilk dəfə guya 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilib. Ancaq daha sonra naməlum səbəblərə görə geri qaytarılıb. Bundan sonra yenidən senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens tərəfindən parlamentdə irəli sürülüb. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilib.

ABŞ-ın vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynaıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxışlar edib.

2001-ci il 11 sentyabr hadisələrindən sonra, Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə, ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.

Düzəlişin mətni:

Maddə 907. Azərbaycana yardim göstərilməsinin qadağan edilməsi

(A) QADAĞA – Prezident Azərbaycan Hökümətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökümətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.

(B) QEYD – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!