21 Oktyabr, 2014
Paytaxtda ERRA-nın illik konfransı keçiriləcək

Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək

Simsar.az xəbər verir ki, 27-28 oktyabr tarixlərində Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) təşkilatçılığı və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin tərəfdaşlığı ilə ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfransı keçiriləcək.

Enerji tənzimlənməsi üzrə əsas beynəlxalq tədbirlərdən hesab olunan konfransda dövlət rəsmilərinin, energetika və su ehtiyatları ilə bağlı olan qurumların nümayəndələrinin, investorların, bank təmsilçilərinin, məsləhətçilərin və s. iştirakı nəzərdə tutulur. Ümumilikdə isə, konfransda 30-dan artıq ölkədən 200-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

ERRA-nın bu ilki konfransı enerji sektoru, enerji təhlükəsizliyi, bərpa olunan enerjinin yayılması ilə bağlı çağırışlar, enerji bazarlarında istehlakçıların hüquq və səlahiyyətlərinin genişləndirilməsi, su ehtiyatlarının tənzimlənməsi mövzularına həsr olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının da üzv olduğu Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA) Mərkəzi Avropa, Avrasiya, ABŞ, Afrika, Asiya və Yaxın Şərq ölkələrindən olan tənzimləyici qurumların birliyidir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!