21 Oktyabr, 2014
Vətəndaşa 10 min dollar “atan” vəkildən Zakir Qaralova şikayət ediləcək

Vəkillər Kollegiyası isə şikayətə baxmır

Bir müddət əvvəl Bakı sakini Simsar.az-a müraciət edərək, hüquqi nümayəndəsi olan vəkil tərəfindən aldadıldığını demişdi.

Şikayətçi Aytən Fərəcova Simsar.az-a bildirmişdi ki, keçmiş həyat yoldaşı ilə nikahın ləğv olunmasından sonra mülkiyyətin bölünməsinə dair məhkəmə prosesi zamanı səlahiyyətli nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Rəna Fərzəli qızı Həsənli tərəfindən aldadılıb. Barışıq sazişinə uyğun olaraq, cavabdeh tərəf 10 min ABŞ dollarını məhkəmənin iştirakı ilə Rəna Həsənliyə təqdim edib. Həmin 10 min dolların alınmasından xəbərsiz olduğundan Rəna Həsənli həmin pulu mənimsəyib. Bu qərardan 3 ay keçməsinə baxmayaraq, pul sahibinə qaytarılmayıb: “Bundan başqa vəkil məhkəmə prosesinin ilkin mərhələsində müqavilədən kənar ondan 1000 və 2000 manat olmaqla ayrı-ayrılıqda pul alıb. Müqaviləyə əsasən isə 600 manat vəkilə pul verdim”.

Məsələ ilə bağlı əlavə təfərrüatlar da bəlli olub.

Bu gün Simsar.az-a gələrək, təkrar açıqlama verən şikayətçi bildirib ki, 1 həftə öncə Vəkillər Kollegiyasına rəsmi şəkildə müraciət edib. Aytən Fərəcovanın sözlərinə görə, lakin bu günə qədər Vəkillər Kollegiyasından ona cavab verilməyib. A.Fərəcova deyib ki, ötən gün vəkil ona təkrarən zəng edib və ona çatacaq pulun yalnız 3 min manatını verəcəyini söyləyib.

Şikayətçi artıq vəkilin dələduzluğu ilə yanaşı, Vəkillər Kollegiyasının məsələyə biganəliyindən də narazı olduğunu qeyd edib.

Şikayətçi tələblərinin yerinə yetirilmədiyi təqdirdə Baş Prokurorluğa müraciət edəcəyini də vurğulayıb.

Simsar.az

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!