20 Oktyabr, 2014
AFFA Suşiç variantını təsdiqlədi

Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Saffet Suşiçin meneceri AFFA-ya müraciət edib.

Bu barədə Sportnet.az-a federasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, meneceri Suşiçin Azərbaycan millisində baş məşqçi postunu tutmaq üçün danışıqlara hazır olduğunu bildirib: "Berti Foqtsun istefasından sonra müxtəlif ölkələrdən menecerlər bizə müraciət edərək öz müştərilərinin millimizin baş məşqçi postuna namizədliklərini təklif ediblər. Hazırda bizə kifayət qədər belə müraciət daxil olub. Müraciətlərin konkret kimlərlə bağlı olduğunu açıqlamaq fikrində deyilik. Sadəcə, Suşiçlə bağlı xəbər mətbuatda çıxdığından, münasibət bildirməli olduq".

Nərimanoğlu yeni baş məşqçinin adının AFFA İcraiyyə Komitəsinin növbəti iclasında təsdiqlənəcəyini vurğulayıb. Bununla yanaşı, federasiya rəsmisi noyabrın 16-da millimizin Norveçlə keçirəcəyi AVRO-2016-nın seçmə qrup oyununda baş məşqçi funksiyasını Mahmud Qurbanovun yerinə yetirəcəyini də bəyan edib.

Qeyd edək ki, Bosniya və Herseqovina mətbuatı AFFA-nın Saffet Suşiçə ildə 3 milyon dollarlıq müqavilə təklif etdiyini, amma 59 yaşlı mütəxəssisin rədd cavabı verdiyini yazıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!