16 Oktyabr, 2014
Nazirlik cəzadan azad edilmiş 3 550 nəfərə birdəfəlik müavinət verib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən cari ilin 9 ayında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3 550 nəfər şəxs birdəfəlik pul müavinəti ilə təmin edilib. Simsar.az xəbər verir ki, həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə əsasən, minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.

Eyni zamanda, hesabat dövründə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiləri və ya bu səbəbdən həlak olmuş işçilərinin ailə üzvlərindən ibarət olmaqla 1560 nəfərə aylıq və birdəfəlik müavinət ödənilib. Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərər çəkən ümumilikdə 498 nəfər isə kompensasiya ilə təmin olunub.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!