16 Oktyabr, 2014
Qənirə Paşayeva Qaqauz Təhsil İdarəsi rəhbərilə görüşdü

Moldovada səfərdə olmuş millət vəkili Qənirə Paşayeva Qaqauz Yerinin Təhsil İdarəsinin rəhbəri Vera Balova ilə görüşüb. O, Azərbaycan və  onun müxtəlif bölgələri ilə Moldova və Qaqauz Yeri arasında müxtəlif sahələrdə əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu deyib. Bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandığını deyib və Moldova ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin genişlənməsinin  əhəmiyyətli olacağını bildirib.

Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən Vera Balova iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. Qaqauziyanın ali təhsil məktəblərində oxuyan azərbaycanlı tələbələr haqqında məlumat verən Vera Balova burda onların özlərini öz doğma vətənlərində hiss etmələri üçün hər cür şəraitin yaradıldığını, qaqauz tələbələrin Azərbaycanın ali təhsil məktəblərində oxumalarında və sayının artmasında maraqlı olduqlarını deyib.  Azərbaycanlı tələbələrin onlara əmanət olduğunu deyən millət vəkili Azərbaycan universitetlərinin Moldovanın ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib. O, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə də rektora geniş məlumatlar verib.

Qənirə Paşayeva Vera Balovanı Azərbaycana dəvət edib və o da öz növbəsində Azərbaycana səfər etməkdən  böyük  məmnunluq  duyacağını  deyib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Qaqauz Yerinin Təhsil İdarəsinin rəhbəri Vera Balovaya  Azərbaycan həqiqətlərinə,  mədəniyyətinə,  tarixinə dair materiallar,  kitablar  və özünün müəllifi olduğu  kitabları  təqdim  edib.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!