15 Oktyabr, 2014
Flora Qasımova: “Bu uşaq sənəddə Xankəndi adını görməlidir ki...”

“Xankəndi icra strukturu yaradılarkən bütün qurumları bərpa edə bilmərik. Prokurorluq və polis kimi orqanlar yenidən yaradıla bilməz. Lakin ən azından Xankəndi sakinlərinin dəqiq sayı, doğumlar, ölümlər barədə hesabatların hazırlanması üçün müvafiq struktur yaradılmalıdır”.

Bunu Simsar.az-a açıqlamasında 122 saylı Xankəndi seçki dairəsindən olan Milli Məclisin deputatı Flora Qasımova deyib.

O bildirib ki, dünyada beynəlxalq hüquq normalarının pozulduğu bir ərəfədə Ukraynada referendum adı ilə ölkənin ərazi bütövlüyünə xələl gətirildi. Xankəndinin də eyni taleyi yaşamaması üçün müvafiq icra struktur yaradılmalıdır.

Deputatın sözlərinə görə, artıq məsələ idarəolunmaz hal alıb: “Tezliklə Xankəndidə doğulan gənclərin öz torpaqlarını tanımaları üçün müvafiq tədbirlər görülməlidir. Bu çox dağınıq hətta mən deyərdim ki, idarəolunmaz bir şəkildədi. Daimi köçüb yaşayanların bir hissəsi Şuşa, bir hissəsi Ağdam qaçqınıdır. Yaşlılar dünyasını dəyişib, gənclərdən isə heç birinin sənədində Xankəndinin adı yer almayıb. Bu uşaq sənəddə Xankəndi adını görməlidir ki, doğulduğu torpaq haqqında azacıq da olsa məlumatı olsun”.

Məsələnin yenidən Milli Məclisdə nə vaxt qaldırılacağı barədə suala cavab verən millət vəkili bunun yalnız parlamentdə həll olunmayacağını vurğulayıb:

“Məsələ yalnız Milli Məclisdə həll oluna bilməz. Amma məsələni qaldırmışıq, həllinə çalışırıq”.

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!