10 Oktyabr, 2014
Ermənistan Avrasiya İttifaqına üzvlüyü imzaladı

Ermənistan prezidenti Serj Sərkisyan imzalama mərasimindən sonra qısa çıxış edərək Avrasiya İttifaqına üzv olan digər ölkələrin parlamentlərinin ilin sonunadək onun ölkəsinin üzvlüyü barədə sazişi ratifikasiya edəcəyinə ümid etdiyini bildirib.

Virtualaz.org saytı xəbər verir ki, bununla da Avrasiya İttifaqının toplantısının mətbuata açıq hissəsi başa çatıb. Belarus prezidenti Aleksandr Lukaşenko toplantının qapalı davam edəcəyini elan edib.

Sərkisyanın və onun xarici işlər naziri Edvard Nalbandyanın Ermənistanın nəhayət “Putin ittifaqına” üzvlüyü haqda sazişi imzalamasından xeyli məmnun göründükləri diqqətdən yayınmayıb.

Qazaxıstan və Belarusun Ermənistanın üzvlüyünü bu dəfə də təxirə sala biləcəyinə dair gözləntilər doğrulmasa da Sərkisyan üçün sevinmək hələ tez ola bilər. Çünki Qazaxıstan və Belarus parlamentləri Ermənistanın üzvlüyünə dair sazişin ratifikasiyasını Putinin vurğuladığı kimi ilin sonuna qədər həyata keçirməyə bilərlər.

Digər tərəfdən, Ermənistanın Avrasiya İttifaqa üzv olandan sonra işğal altındakı Dağlıq Qarabağla sərhədinə gömrük postu yerləşdirmək öhdəliyinin də həmin sazişdə əksini tapdığı məlumdur. Bunu bir neçə gün əvvəl Ermənistan hökuməti təsdiqləmişdi.

Ermənistan bu öhdəliyi qəbul etdiyi üçün Azərbaycanın onun üzvlüyünə qarşı çıxmaq üçün formal olaraq əsası qalmır. Lakin Azərbaycanın Qazaxıstan və Belarusla münasibətləri imkan verir ki, bu dəfə parlamentlərdə ratifikasiya prosesi ləngisin. Bu, Azərbaycanın gücünü Ermənistanın nəzərinə çatdırmaq üçün daha bir imkandır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!