PKK Türkiyədə təşkil etdiyi iğtişaşlar yenidən genişlənib.
Simsar.az-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin Bingöl şəhərində polis idarəsinə edilən silahlı basqın nəticəsində iki yüksək rütbəli polis məmuru şəhid olub, ikisi isə yaralanıb.
Mardin vilayətində PKK silahlılarının jandarm idarəsinə silahlı hücumu nəticəsində 1 nəfər həlak olub, 6 nəfər yaralanıb. Antep şəhərində isə terrorçuların açdıqları atəş dörd nəfərin həyatına son qoyub, biri polis olmaqla yaralanmış iyirmi nəfər xəstəxanalara yerləşdirilib. Viranşəhərdə 3 orta məktəb binası və bir mədəniyyət mərkəzi yandırlıb. Adanada motosikletdən atəş açan terrorçu iki polis nəfərini ağır yaralayıb.
Hüquq mühafizə orqanları iğtişaşların qarşısının alınması üçün tədbirlər görür. Gün ərzində ayrı-ayrı şəhərlərdə əhali tərəfindən də terrorçulara qarşı kütləvi etiraz nümayişləri keçirilib.
Xatırladaq ki, iğtişaşlar “İraq Şam İslam Dövləti” (İŞİD) terrorçu qruplaşmasının Suriyanın Kobani şəhərinin tutması bəhanəsi ilə başlanıb. Kürdlər Türkiyənin buradakı soydaşlarına hərbi dəstək verməsini tələb edirlər.
Simsar.az