8 Oktyabr, 2014
Elmar Məmmədyarov britaniyalılarla görüşdü - FOTO

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya baş nazirinin ticarət üzrə səfiri Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə ölkələrimiz arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, bu əlaqələrin daha da genişləndirilməsi üçün potensialın mövcudluğu vurğulanıb.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qonaqlara məlumat verib.

Görüşdə Böyük Britaniya nümayəndə heyəti tərəfindən Azərbaycanın əldə etdiyi nailiyyətlərin heyranlıq doğurduğu qeyd edilib, Azərbaycanın gələcək inkişaf ilə bağlı aydın baxış və strateji xəttə malik olduğu bildirilib. Eyni zamanda Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi xüsusilə vurğulanıb.

Görüş zamanı regional və qlobal proseslər, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!