8 Oktyabr, 2014
Tələbələrimiz dünyanın aparıcı stomatoloji mərkəzində təcrübə keçəcək

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanov Türkiyənin tibb sahəsində tanınmış mütəxəssisləri ilə görüşüb.

ATU-nun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, alimlər İlker Erdoğan və Okan Yeşilotla görüş zamanı Azərbaycan və Türkiyə arasında tibb təhsilində əməkdaşlıq məsələləri müzakirə olunub.

Ə. Əmiraslanov universitetdə təhsilin quruluşu, tədrisin səviyyəsi haqqında məlumat verib. Rektor qeyd edib ki, Azərbaycan Tibb Universiteti tibbin bütün sahələri üzrə təhsil verən universitetlərdən biridir. Hazırda Universitet klinikalarında tədris kafedralarının yerləşdiyini vurğulayan rektor rezidentlərin Türkiyədə praktika keçməsi ilə bağlı əməkdaşlığa ehtiyac olduğunu bildirib.

Türkiyədə təhsil almaq istəyən tələbələrin qəbulu ilə məşğul olan professor  Okan Yeşilot Türkiyədə daha çox tibb sahəsində azərbaycanlı gənclərin təhsil almasının tərəfdarı olduqlarını deyib.

Onun sözlərinə görə, azərbaycanlı tələbələr bir neçə illiyinə Ankara, İzmir və İstanbulda sayılıb-seçilən tibb müəssisələrində həm oxuyub, həm də praktika keçə bilərlər.

İstanbulda özəl diş klinikasının sahibi, dünyada ilk dəfə olaraq ağız boşluğuna implant yerləşdirən İlker Erdoğan isə stomatologiya sahəsində əməkdaşlıq edə biləcəklərini vurğulayıb.

Onun sözlərinə görə, rəhbərlik etdiyi stomatologiya mərkəzində 2009-cu ildən etibarən Almaniya ilə eyni zamanda naviqasiyalı (robotik cərrahi yönləndirmə sistemi) implant qoyulur: “Bu əməliyyat dünyada təxminən 5 dental mərkəzdə icra olunur ki, onlardan biri də bizim kilinikadır. Mən böyük məmnuniyyətlə azərbaycanlı tələbələrə bu sahədə dərs keçə bilərəm”.

Qonaqlar ATU-nun Stomatoloji Klinikasındakı şəraitlə tanış olduqlarını, burada tələbə və rezidentlər üçün yaradılan şəraiti çox bəyəndiklərini dilə gətiriblər.

Görüşün sonunda ATU tələbə və rezidentlərinin Türkiyədə praktika keçməsi ilə bağlı əməkdaşlığa dair protokol hazırlanmasına dair ilkin razılıq əldə olunub.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!