11 Aprel, 2011
Mahmud Kərimov əyri yollarla alim olmaq istəyənlərə dedi

"...bunun üçün ancaq bilik vacibdir"

Doktoranturaya qəbul üçün seçilmiş bəzi ixtisaslarda dəyişiklik ola bilər. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib.

M. Kərimov deyib ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) YUNESKO-nun tövsiyələri əsasında ixtisasların yeni siyahısını hazırlayıb: “Bu həftə AAK-ın toplantısının keçirilməsi və bu ixtisasların təsdiq olunması gözlənilir. Bundan sonra doktoranturaya qəbul üçün nəzərdə tutulmuş ixtisaslarda da dəyişiklik olacaq”.

M. Kərimovun sözlərinə görə, yaxın zamanlarda doktoranturaya qəbul proqramlarının çapına başlanacaq. Qəbul proqramları hər ixtisas üçün ayrıca çap olunacaq. AMEA prezidenti doktorantura imtahanlarının şəffaf və obyektiv keçiriləcəyini vəd edib: “Əyri yollarla alim olmaq mümkün deyil. İnsan alim olmaq istəyirsə, bunun üçün ancaq bilik vacibdir. Doktoranturaya qəbul yay aylarında elan olunacaq. Sentyabr-oktyabr aylarında isə qəbul keçiriləcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!