7 Oktyabr, 2014
Alman orkestr, azərbaycanlı drijor, Çin səhnəsi

Almaniya-Çin mədəniyyət mübadiləsi proqramı çərçivəsində Münhen Yeni Filarmonik Orkestri Çində 3 konsert keçirib.

Simsar.az xəbər verir ki, orkestr əvvəlcə Şanxay və Tayçanq şəhərlərində, sonda isə Pekində musiqisevərlər qarşısına çıxıb. Münhen orkestri hər 3 konsertə həmvətənimiz dirijor Fuad İbrahimovun rəhbərliyi altında çıxıb.

Üç ilə yaxındır ki, Münhen Yeni Filarmonik Orkestri ilə çalışan Fuad İbrahimov alman musiqiçiləri ilə artıq bir neçə ölkədə bu cür konsertlər verib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan gənc dirijor daha sonra Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə Almaniyada musiqi təhsilini davam etdirib. Onun təşəbbüsü ilə 2008-ci ildə Bakıda gənclərdən ibarət “Yeni Filarmoniya” simfonik orkestri yaradılıb və kollektiv Avropanın müxtəlif ölkələrində təşkil olunun mötəbər festivallarda əsasən Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət repertuarla çıxış edib.

Fuad İbrahimov Heydər Əliyev Fondunun xaricdə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı keçirdiyi tədbirlərdə, habelə ölkəmizdə təşkil olan beynəlxalq musiqi festivallarının fəal iştirakçılarındandır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!