2 Oktyabr, 2014
Kəmaləddin Heydərov BMT rəsmisi ilə görüşdü - FOTO

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, nazir, ilk növbədə, H.Klarka FHN və onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib, BMT-nin müvafiq qurumları ilə ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və əməkdaşlıq imkanlarından geniş istifadə olunmasının əhəmiyyətini qeyd edib.

K.Heydərov bildirib ki, FHN ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında imzalanmış “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi uğurla həyata keçirilir, nazirliyin qurumları BMT-nin digər strukturlarının təşkil etdiyi beynəlxalq tədbirlər və təlimlərdə fəal iştirak edirlər.

Qonaq, öz növbəsində, səmimi qəbula və fəal əməkdaşlığa görə təşəkkür edərək bildirib ki, Azərbaycanda fəlakət risklərinin idarə olunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilib.

Görüşdə FHN və BMT İnkişaf Proqramının həyata keçirdikləri birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonar qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı” ilə tanış olublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!