2 Oktyabr, 2014
“Təkcə “Qarabağ”da yox, hamısında bu problem var” – MİRCAVADOV

UEFA Avropa Liqasında mübarizə aparan Azərbaycan təmsilçisi “Qarabağ” bu gün növbəti görüşünü keçirəcək. “İnter”lə qarşılşacaq Ağdam klubu tarixi oyunda qələbə qazanmaqla azarkeşlərini sevindirmək niyyətindədir.

Futbol mütəxəssisi Ağasəlim Mircavadov sözügedən oyunla bağlı fikirlərini Simsar.az-la bölüşüb.

- “Qarabağ” bu gün “İnter”lə qarşılaşacaq. Tarixi oyundan hansı nəticəni gözləyirsiniz?

- Nəticəni deyə bilmərəm, sadəcə, “Qarabağ”dan öz oyununu oynamasını gözləyirəm. Düzdür, rəqib güclüdür. Bundan əlavə, “Qarabağ” səfərdə, “Cüzeppe Meatsa” kimi böyük stadionda meydana çıxacaq...

- Böyük stadionda oynamaq təmsilçimizə mane ola bilərmi? “Qarabağ” “Borussiya Dortmund”la oyunda daha çılğın azarkeşlər qarşısında oynamışdı...

- Doğrudur. Düşünmürəm ki, stadion amili “Qarabağ”a təsir etsin. Hər halda, komandada oynayan futbolçuların əksəriyyəti millidə də forma geyiniblər və belə atmosferdə dəfələrlə oynayıblar. Ağdam klubu çalışmalıdır, öz oyunu ilə matça diqtə edən tərəf olsun. Təbii ki, “İnter” hücumlar edəcək. Əks hücumlarda ələ düşən fürsətlərdən yararlanmalıyıq.

- “Sent Etyen”lə baş tutan ilk görüşdə Qurban Qurbanovun yetirmələri 90 dəqiqə hücum edən tərəf oldular. Lakin üstünlüyü qola çevirmək mümkün olmadı. Bəlkə, “Qarabağ”ın ələ düşən fürsətlərdən yararlanması ilə bağlı problemi var?

- Təkcə “Qarabağ”da yox, bütün komandalarımızda bu problem var. Avropa komandaları meydançadakı hər bir vəziyyətdən istifadə etməyi bacarırlar. Biz isə klassik hücumlarla daha çox yadda qalırıq. Standart vəziyyətlərdən lazımınca istifadə edə bilmirik. “Qarabağ” öz oyunu ilə çox şeyə nail olub. Bu məsələlər də yavaş-yavaş düzələcək.

- İlk oyundan sonra “Sent Etyen”in baş məşqçisi Kristof Qaltye və klubun bir neçə futbolçusu “Qarabağ”ı qrupun favoritlərindən hesab etdiklərini dilə gətirdilər. Siz təmsilçimizin şanslarını necə dəyərləndirirsiniz?

- Bir oyundan sonra nəsə demək çətindir. Hər şey ola bilər. Çox çətin bir qrupdayıq. Avropa yarışında hər bir nəticə mümkündür. Hər halda, “Sent Etyen” də Fransanın köklü klublarındadır. Biz də Fransaya futbol ölkəsi deyirik. Ancaq onlar Bakıda, sadəcə, müdafiə olundular. “Qarabağ” buna öz oyununu meydanda göstərməklə nail oldu. Deməli, hər bir komanda ilə istədiyin kimi oynaya bilərsən. Bu, “İnter” də ola bilər, digərləri də. Qrupdakı şanslarımız barədə isə danışmaq hələ çox tezdir.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!