2 Oktyabr, 2014
Teatr-konsert müəssisələrinin fəaliyyəti müzakirə olundu

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan teatr-konsert müəssisələri rəhbərlərinin iştirakı ilə geniş toplantı keçirilib.

Simsar.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev teatr-konsert müəssisələrinin fəaliyyətini ətraflı təhlil edib, dövlətin mədəniyyət siyasəti, ölkə Prezidentinin teatr sənətinin inkişafına yönələn fərman və sərəncamlarının əhəmiyyəti, 2006-cı ildən etibarən bu sahədə görülən işlər və aparılan islahatlardan danışıb.

Teatrların maddi-texniki bazasının yaxşılaşdırılması, yaradıcılıq fəaliyyətinin stimullaşdırılması istiqamətində atılan addımların artıq öz bəhrəsini verdiyini söyləyən nazir müavini Azərbaycan teatrının sorağının dünyanın mötəbər səhnələrindən gəldiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramından irəli gələn məsələlərin həlli, o cümlədən paytaxt və regionlarda teatr binalarının təmiri və yenidən qurulması, bu sahədə həyata keçirilən layihələr, aparılan islahatlar teatr sənətimizin inkişafına mühüm zəmin yaradıb. Görülmüş işlərin nəticəsidir ki, teatr sistemində kadr islahatları müsbət nəticələr verməkdədir.

Cari ilin noyabrında Bakıda keçiriləcək III Beynəlxalq Teatr Forumu barədə danışan Ə.Vəliyev belə tədbirlərin, eləcə də teatrların beynəlxalq qurumlarda təmsil olunmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı teatr-konsert müəssisələri də öz repertuarlarına ciddi diqqət yetirməlidir.

Son dövrlər teatr və konsert müəssisələri ilə bağlı işıq üzü görən nəşrlərdən də danışan Ədalət Vəliyev 28 adda müxtəlif səpkili kitabın, o cümlədən Azərbaycan teatr antologiyasının çapdan çıxdığını, “Teatr ensiklopediyası”nın isə gələn il Milli Teatr Günü ərəfəsində işıq üzü görəcəyini söyləyib.

Toplantıda görülən işlər, qeyd olunan müsbət məqamlarla yanaşı, mövcud problemlərdən də ətraflı söhbət açılıb. Teatrların tamaşa planlarının icrası, kadr siyasəti, teatr studiyalarının fəaliyyəti, texniki heyət ilə iş və digər məsələlərə diqqət çəkən nazir müavini nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələrini verib.

Teatrların reklam işinin, mətbuatla əlaqələrinin zəif olduğunu deyən Ə.Vəliyev telekanallarla əməkdaşlığın vacibliyini qeyd edib.

Toplantıda konsert proqramlarının sayının artırılması, musiqi kollektivlərinin dinamik iş rejiminə nail olunması üçün müvafiq tapşırıqlar verilib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!