1 Oktyabr, 2014
Dərsliklər elektron formada oxuna biləcək

Təhsil Nazirliyi tərəfindən yeni www.e-derslik.edu.az elektron dərslik portalı istifadəyə verilib.

Simsar.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təhsil sisteminin tam şəkildə informasiyalaşdırılması Təhsil Nazirliyinin prioritet məsələlərindən biridir. Portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artıracaq. Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. İstifadəçilər onlayn formada və ya planşetlərdə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanacaqlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradacaq.

Elektron dərsliklərin digər üstünlükləri də mövcuddur:

- Əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri;

- Böyük həcmli məlumatların saxlanması;

- Mətnlər üzərində qeydlərin aparılmasının mümkünlüyü;

- Rahat istifadə - axtarış sisteminin mövcudluğu.

Nəzərinizə çatdıraq ki, hazırda VI sinif üzrə 10 dərslik elektron formatda e-dərslik elektron kitab rəfində yerləşdirilib. Bu ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə 5 dərslik də elektron formatda istifadəçilərə təqdim olunacaq.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!