30 Sentyabr, 2014
“Ağzına gələni danışırsan” - Deputatlar ÜZ-ÜZƏ

"Siyasi partiyalar haqqında" qanunun müzakirəsi deputatları üz-üzə qoyub.

Simsar.az xəbər verir ki, dəyişiklikdəki “partiyaların illik maliyyə hesabatları ilə bağlı Mərkəzi Seçki Komissiyası ictimaiyyətə məlumat veriləcək” – bəndi bəzi deputatların xoşuna gəlməyib.

Öncə millət vəkili, Ümid partiyasının sədri İqbal Ağazadə buna öz etriazını bildirib. Deputat maliyyə hesabatlarının Mərkəzi Seçki Komissiyasına verilməsinin əleyhinə çıxıb. Onun sözlərinə görə MSK-ya belə bir səlahiyyətin verilməsi qeyri-peşəkar yanaşmadır. “Məgər Maliyyə Nazirliyinə inanmırsınız ki, indi Mərkəzi Seçki Komissiyası partiyaların hesabatı ilə bağlı hesabat yayacaq? Bu, qanunçuluğun fəlsəfəsinə ziddir”.

Spiker Oqtay Əsədov İqbal Ağazadənin etirazına özünəməxsus şəkildə cavab verib. Spiker deyib ki, məsələni şişirtmək lazım deyil. “Gah deyirsiniz, Maliyyə Nazirliyinə verilməlidir, nə bilim NKVD-yə verilməlidir. Hər hansı dövlət orqanına verildikdə isə deyəcəksiniz ki, hakimiyyətin özü nəzarət edir”.

Deputat İlyas İsmayılov İqbal Ağazadənin fikirlərini dəstəkləyib. Millət vəkili partiyalara ayrılacaq pulun hesabatının Mərkəzi Seçki Komissayasına verilməsinin qanunsuz olduğunu bildirib. İlyas İsmayılov “Qanuna hörmət etmək lazımdır” – deyib.

Zahid Orucun məsələ ilə bağlı çıxışına İqbal Ağazadədən sərt təpki gəlib. “Zahid Oruc, sən bilmirsən ki, söhbət nədən gedir. Ağzına gələni danışırsan” – deyib.

Spiker Oqtay Əsədov millət vəkillərini sakitləşdirib. Bundan sonra qanunun layihəsi qəbul edilib.

Xatırladaq ki, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünürdü. Dəyişikliyə görə isə 3 faizlik səddi aşan partiya yoxdursa, qalan 10 faiz vəsait proporsional şəkildə parlamentdə təmsil olunan partiyalar arasında bölünəcək.

Elmar Hüseynov

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!