30 Sentyabr, 2014
Təhsil Nazirliyi müsabiqə elan etdi

Təhsil Nazirliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Gələcək müəllimin əsəridir” mövzusunda ən yaxşı telesüjet müsabiqəsini elan edib.

Simsar.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunduğu kimi təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi, “peşəkar müəllim” obrazının yaradılması, müəllim peşəsinin nüfuzunun artırılması, ucqar kənd məktəblərində çalışan gənc müəllimlərin peşə fəaliyyəti ilə bağlı pozitiv ictimai rəyin formalaşdırılması, peşə fəaliyyətinə yeni başlayan müəllimlərin müsbət təcrübəsinin yayılması, o cümlədən gənc müəllimlərin kənd məktəblərində işləməyə həvəsləndirilməsidir.

Müsabiqəyə kənd yerlərində fəaliyyət göstərən gənc müəllimlərin nümunəvi peşə fəaliyyətini əks etdirən, müəllim nüfuzunun yüksəldilməsinə xidmət edən videosüjetlər təqdim edilməlidir.

Müsabiqəyə təqdim edilən süjetlərin xronometrajı ən azı 2 dəqiqə olmalıdır. Süjetlər oktyabrın 1-dən 20-dək respublika ərazisində yayımlanan telekanallarda nümayiş etdirilməlidir. Müəllif efir materialının televiziyada nümayiş olunmuş variantını DVD diskə köçürərək Təhsil Nazirliyinə təqdim etməlidir.

Müsabiqə ilə bağlı yaranan suallara tvmusabiqe@edu.gov.az elektron poçt ünvanına sorğu göndərməklə və ya 4969490 nömrəli telefona zəng etməklə cavab almaq mümkündür. Müsabiqənin nəticələri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunduğu gündə - oktyabrın 24-də açıqlanacaq və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!