30 Sentyabr, 2014
“Onlar barədə çıxarılan həbs-qətimkan tədbirləri dəyişdirilməlidir” - Qüdrət Həsənquliyev

“Biz beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getməməliyik. Həbsdə olan və siyasi məhbus kimi təqdim edilən insanlar barəsində məhkəmənin çıxardığı həbs-qətimkan tədbirləri dəyişdirilməlidir. 5-6 nəfərə görə beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getmək yersizdir”.

Simsar.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Azərbaycana qarşı yeni hiylə işə salınır: “Böyük güclərin və dövlətlərin təkidi ilə beynəlxalq təşkilatlar qərarlar qəbul edir. Hesab edirəm ki, bu mənada beynəlxalq təşkilatlarla konfliktə getmək düzgün deyil. Təklif edirəm ki, onlar yenidən məhkəməyə çıxarılsın”.

Q. Həsənquliyev Qarabağ məsələsinin həllində də tutduqları mövqeyə görə, beynəlxalq qurumları tənqid edib: “Necə olur ki, Azərbaycan xalqının ədalətli mövqeyi olan Qarabağ məsələsində beynəlxalq təşkilatlar susur. Lakin insan hüquqları məsələsində həssas və ədalətli olurlar?! Avropa Parlamentinin iclasında sual verdim ki, nə üçün ədalət prinsipini qorumursunuz? Bu iclasda hətta ərazi bütövlüyü təhlükə altında olan ukraynalı deputatlar da bizim mövqeyimizi dəstəkləmədilər”.

Elmar Hüseynov


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!