27 Sentyabr, 2014
Avropa liderləri neçə dil bilir?

“The Guardian” qəzeti maraqlı bir mövzuya müraciət edib. Avropda qeyd olunan Dil Günü münasibəti ilə qəzetin əməkdaşı Lyus Uord Rusiya, Almaniya, Fransa və aparıcı Britaniya siyasətçilərinin “ana dili” və “diplomatiya dili” ilə bağlı araşdırma aparıb.
Vladimir Putin haqqında qəzet yazır: “Duzlu danışığı ilə məşhurdur, fikirlərini kəskin şəkildə səsləndirməyi xoşlayır. Danışarkən hər hansı güzəştə yer qoymur”.
Putin “alman dilini əla bilməyi ilə öyünür, deyirlər ki, Almaniya Federativ Respublikasının keçmiş kansleri Gerhard Şröderlə dostluğu onun dillə bağlı bilgilərinə müsbət təsir edib”. Qəzetin iddiasına görə cənab Putin çəkinmədən alman dilində siyasi söhbətlərə girişir. Özü də göz-gözə söhbət etməyə üstünlük verir. Düzdür, köməkçiləri yanında olanda o, rus dilində danışmalı olur. Çünki diplomatik protokol belə tələb edir.
“Prezident olduqdan sonra cənab Putin ingilis dilini də öyrəndi. Ancaq deyirlər ki, cüdo üzrə qara kəmər sahibi olan bu şəxs hələ də bizim dildə saitləri düzgün tələfüz edə bilmir. O, çox nadir hallarda publika qarşısında ingilis dilində danışır. Diplomatik görüşlər zamanı isə ümumiyyətlə ingiliscədən istifadə etməz”, məqalədə belə deyilir. Düzdür, o, Soçidə olimpiya oyunlarının keçirilməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin toplantısında ingiliscə etdiyi çıxışı ilə bu təşkilatın yetkililərini özünə heyran etdi. Bir dəfə isə cənab Putin xeyriyyə məqsədi ilə Blueberry Hill-ın mahnısını ingiliscə oxuyub.
Bütün bunları sadaladıqdan sonra “The Guardian” qəzeti 10 ballıq göstərici üzrə Vladimir Putinə 8 xal verib.
Almaniya kansleri Anqela Merkel təbii ki, almanca danışır. “Təmkinli, ancaq təsir baxımından zəif intonasiya ilə, özü də saitləri bir qədər uzadaraq”, qəzet öz qənaətini belə açıqlayıb.
Məktəbdə xanım Merkel rus dilini öyrənməkdə parlaq nəticələr əldə edib. (Qeyd edək ki, o, sosialist Almaniyasında doğulub və Berlin divarları sökülənə qədər yaşayıb. E.H.) Qəzetin məlumatına görə Almaniya kansleri xüsusi həvəslə Putinlə rusca danışır. Rəsmi danışıqları isə onlar tərcüməçilər vasitəsi ilə həyata keçirirlər. “Çünki danışıqlar zamanı kiçik anlaşılmazlıqlar yarana bilər. Böyük müharibələrsə belə xırda şeylərdən başlanır”, qəzet istehza ilə yazır. Qəzetin müşahidələrinə görə xanım Merkel də nadir hallarda kütlə qarşısında ingiliscə danışır. Ancaq onun ingiliscəsi kifayət qədər yüksək səviyyədədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!