24 Sentyabr, 2014
“Çölçü” Beynəlxalq Van Gölü Festivalında

Tanınmış rejissor Şamil Əliyevin “Çölçü” filmi Beynəlxalq Van Gölü Film Festivalının müsabiqəsində iştirak edir.

Simsar.az xəbər verir ki, sentyabrın 29-dək davam edəcək müsabiqə bədii və sənədli filmlərin bütün janrlarını əhatə edir. Seçim turunun əsas mərhələsinə Azərbaycan, Yunanıstan, İraq və Türkiyədən 11 bədii, 12 sənədli film keçib. "Çölçü" - festivalın 3-cü günü nümayiş olunacaq. Festivalın məqsədi möhtəşəm kinematoqraf ideyalarının yarışmasına, mübadiləsinə və inkişafına, yeni istedadların üzə çıxmasına meydan yaratmaqdır. Münsiflər heyətinin sədri tanınmış türk rejissoru Tevfik Başerdir. "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınmış "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub. Çölçü" bədii filmi 24 beynəlxalq kinofestival və forumlarda iştirak edib, mükafat və diplomlara layiq görülüb.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!