23 Sentyabr, 2014
Akif Əlizadə Prezidentə müraciət edəcək

Bu il dekabrın 19-da Bakıda Azərbaycan Alimlərinin I Qurultayı  keçiriləcək.  Simsar.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində təşkil olunan müşavirədə AMEA prezidenti, akademik Akif Əlizafdə qurultayın tədbirlər planından bəhs edib. Bildirib ki, planda  işçi qrupunun yaradılması, yerli və xarici qonaqların müəyyənləşdirilməsi və onlarla müvafiq işlərin aparılması, qurultayın redaksiya heyəti və katibliyinin müəyyənləşdirilməsi və digər məsələlər yer alır. Bundan əlavə, tədbirdə çıxış edəcək alimlərin məruzələrinin toplanması və “Azərbaycan alimlərinin I qurultayının materialları” adlı kitabın hazırlanması da nəzərdə tutulur.

Qeyd olunub ki, qurultayın dövlət səviyyəsində təşkili məqsədi ilə ölkə rəhbərliyinə müraciət ediləcək. Tədbirdə dünyanın müxtəlif ölkələrindən azərbaycanlı alimlər, həmçinin respublika üzrə bütün elm və təhsil müəssisələrindən nümayəndələr iştirak edəcəklər. Qurultay Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!